Rusiyada yaşayan ekstrasens Zirəddin Rzayevlə bağlı yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Kadrlarda bir xanım ekstrasensə müraciət edərək müəllimlərin işə qəbulu müsabiqəsindən uğurla keçib-keçməyəcəyini, ümumiyyətlə işə qəbul olunub-olunmayacağını soruşur.
Ekstrasensin cavabları və bu mövzu ətrafında aparılan müzakirələr isə birmənalı qarşılanmayıb. Xüsusilə təhsil sahəsinə aid peşəkar məsələlərin belə vasitələrlə şərh olunması və qiymətləndirilməsi ictimaiyyət arasında müxtəlif reaksiyalar doğurub.
Məsələ ilə bağlı Globalinfo.az-a fikir bildirən təhsil eksperti Elmin Nuri deyib ki, məsələ təkcə Zirəddin Rzayevlə bağlı deyil:
“Burada söhbət artıq hər kəsin şəxsi münasibətlərdən kənara çıxaraq, təhsil haqqında fikir bildirməyə çalışmasından gedir. Təbii ki, hər bir vətəndaş təhsillə bağlı fikirlərini ifadə edə bilər. Müəllimlərin əməkhaqqı, məktəblərdə şagird davranışları, təhsil mühiti kimi məsələlər cəmiyyətin bütün üzvlərini maraqlandırır və bu barədə hər kəsin mövqeyi ola bilər. Ancaq elə mövzular da var ki, onlar peşəkar yanaşma, xüsusi bilik və ekspert baxışı tələb edir. Təəssüf ki, məhz belə məsələlərdə də az qala hər kəs özünü söz sahibi hesab edir”.
E.Nuri bildirib ki, MİQ haqqında müzakirələr aparılır, amma həmin müzakirələrdə elementar məlumatlara belə sahib olmayan insanlar çıxış edirlər:
“TikTok, Telegram və Instagram platformalarında onların sayı yüzlərlədir. Hətta bəziləri ən sadə detalları belə bilmədən özlərini ekspert kimi təqdim edirlər.
Elmin Nuri
Bu gün də MİQ müəllimlərin işə qəbulu müsabiqəsini hələ də “MİQ imtahanı” kimi qiymətləndirən, prosesin mərhələlərini və mahiyyətini bilməyən şəxslər sosial şəbəkələrdə qəti hökm verən mövqedən çıxış edirlər. Mən burada konkret bir şəxsi hədəfə almaq istəmirəm. Bu insanların sayı kifayət qədər çoxdur. Zərədin Rzayev bir dəfə bu barədə danışıb və məsələ bununla yekunlaşa bilər. Amma elələri var ki, mövzudan xəbərsiz olduqları halda hər gün, fasiləsiz şəkildə bu sahə barədə danışırlar”.
Təhsil eksperti deyib ki, təhsildən anlayışı olmayanlar ekspert kimi çıxış edirlər:
“TikTok-u açırsan, qarşısına abituriyent jurnalını qoyub keçid ballarını oradan oxuyub, məlumatları təkrarlayırlar və özünü “təhsil eksperti” kimi təqdim edirlər. Halbuki ekspertlik peşəkar yanaşma, təhlil bacarığı, obyektiv mövqe və sahə üzrə dərin bilik tələb edir. Təəssüf ki, bəzi şəxslər təhsilə inkişaf və maarifləndirmə sahəsi kimi deyil, daha çox özlərini tanıtmaq və auditoriya toplamaq üçün istifadə etdikləri bir bazar kimi yanaşırlar”.
Zaira Akifqızı
Globalinfo.az