Zəngəzur dəhlizi barədə İrandan müsbət siqnal

“Zəngəzur dəhlizinin açılması Azərbaycan və Türkiyə üçün strateji məsələdir və tamamlanmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfərindən sonra mətbuata açıqlamasında deyib.

R.T.Ərdoğan bildirib ki, Ermənistan dəhlizin açılmasına razı olmadığı təqdirdə yol İran ərazisindən salınacaq:

“Naxçıvanla Azərbaycanın digər bölgələri ilə quru və dəmiryolu xətləri üzərindən birbaşa əlaqələrin qurulması münasibətlərimizi daha da gücləndirəcək. Bu səbəbdən dəhlizin açılması üçün əlimizdən gələni edəcəyik. Dəhliz açıldığı zaman hər hansı nəqliyyat vasitəsi, yaxud qatar Bakıdan birbaşa Qarsa gələ biləcək. Beləliklə Azərbaycan-Türkiyə qardaşlığı daha da möhkəmlənəcək.

Bu mövzuda İrandan müsbət siqnallar almağımız bizi daha da sevindirir. Bu yerləri sülh dəhlizinə çevirməyi arzulayırıq. Hələ də müharibənin hökm sürdüyü bir dəhliz təsəvvür etmək mümkün deyil. Dəhliz reallaşdığı zaman Türkiyədən yola düşən qatar Ermənistandan və Naxçıvan ərazisindən keçərək Azərbaycana gedəcək. Ermənistan yolu açmağa razı olmadığı təqdirdə bu yol İrandan keçəcək. İran bu təklifə müsbət baxır”.

Ayşən Mustafa
Globalinfo.az