Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin genişlənmə potensialına təsir göstərəcək

Zəngəzur dəhlizinin açılması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) genişlənmə potensialına əhəmiyyətli təsir göstərəcək.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında nüfuzlu beynəlxalq beyin mərkəzlərinin tanınmış professorları, tədqiqatçıları və ekspertlərinin iştirakı ilə keçirilən “Orta Dəhliz boyunca, geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda konfransda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhlizdir. Uzunluğu 110,4 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttində işlərin 40 faizi tamamlanıb və bu dəmir yolu dəhlizin tərkib hissəsidir. SSRİ dövründə sözügedən dəmir yolu xətti ilə təqribən 10 milyon ton yük ötürülürdü.

Nazir müavini qeyd edib ki, Zəngəzur dəhlizinin imkanlarını artırmaq üçün işğaldan azad edilmiş ərazilərdə logistika mərkəzlərinin və azad iqtisadi zonaların yaradılması nəzərdə tutulur. Dünyada baş verən geosiyasi proseslər də Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında strateji önəmini artırıb. Bu, özünü ölkə üzərindən daşınan yüklərin həcmində də göstərib.