Zəngəzur dəhlizi uğrunda yeni mübarizə – Ermənistan Rusiyanı belə qıcıqlandırdı

Polish 20241011 192112659

2021-ci ilin oktyabrında Britaniyanın NATO-dakı keçmiş səfirləri Sara Makintoş və Adam Tomsonun yayımladığı məqalə Ermənistanda yenidən gündəm olub. Məqalədə NATO-nun Qafqazda və Xəzərdəki mövqeyi, eləcə də Zəngəzur dəhlizi ilə bağlı baxışları yer alıb. Bildirilir ki, NATO Zəngəzur dəhlizi üçün Ermənistanın cənub hissəsini ya özünə, ya da Azərbaycana tabe etməlidir. Yayımlandıqdan az sonra silinən məqalədə qeyd edilib ki, Türkiyə ilə Azərbaycanın quru əlaqəsi NATO-nun Xəzər dənizi sahillərinə birbaşa çıxışına imkan yaradır.

Bu reallığı əks etdirirmi?

Globalinfo.az-a danışan politoloq Vəli Əlibəyov deyib ki, Zəngəzur dəhlizi dünyada gedən geosiyasi mübarizənin əsas nöqtələrindən birinə çevrilib:

“Zəngəzur dəhlizi təkcə Azərbaycan və Ermənistan arasında olan məsələ deyil. Bu eyni zamanda Azərbaycan və Türkiyəni birləşdirən yoldur. Türkiyənin NATO üzvü kimi Xəzər sahillərinə, buradan da Orta Asiyaya çıxışını asanlaşdırır. Bu nöqteyi-nəzərdən məqalədə olan bir çox məsələlər reallığı əks etdirir. Rusiya özü də dəhlizin açılmasında maraqlıdır. Çünki gec-tez bu yolun fəaliyyətə başlayacağını bilir. Bunun üçün də həmin kolidora nəzarəti öz əlinə almağa çalışır. Artıq neçə müddətdir, Ermənistana bununla bağlı təzyiqlər də edir. Düşünür ki, Azərbaycana dəhlizin açılmasında kömək edərsə, rəsmi Bakı yolun Rusiya nəzarətində olmasına etiraz etməz”.

veli elibeyov

Vəli Əlibəyov

Həmçinin oxuyun:

USAID separatizm və revanşizmdə birbaşa iştirak edib

Politoloqun sözlərinə görə, Qərb ölkələri də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır:

“Bu dəhliz nəqliyyat və ticarət üçün yeni imkanlar da yaradır. Strateji, mühüm marşrutdur. Azərbaycan bu koridorun açılmasına nail olsa, onun mövqeləri möhkəmlənəcək. O öz xarici siyasətini daha səmərəli həyata keçirməyi bacaracaq. Eyni zamanda Türkiyə ilə münasibətləri də sıx olacaq. Bu da gələcəkdə Ermənistan, Rusiya və İranla mümkün qarşıdrumada mühüm əhəmiyyət kəsb edir. Sözügedən proses, Azərbaycanın güclənməsi Ermənistanın maraqlarına cavab vermir, onun üçün təhdid sayılır. Ona görə də Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışır.

Dəhlizin açılması Avropanın enerji təhlükəsizliyi üçün də xüsusilə vacibdir. Aİ və Şimali Atlantika bloku da Avropaya enerjinin çatdırılması yollarının açılmasını istəyirlər. Zəngəzur qaz və neftin nəqli üçün alternativ olacaq”.

Vəli Əlibəyovun sözlərinə görə, Zəngəzur dəhlizinə Qərbin, yaxud da Şimali Atlantika blokunun nəzarət etməsi Rusiyanın bölgəyə mümkün aqressiyasının qarşısını ala bilər:

“Ermənistanın bu məsələni aktuallaşdırması da əbəs yerə deyil. Rusiyanı qıcıqlandırmaq üçün Şimali Atlantika blokunun rolu xüsusilə önə çəkilir”.

Safura Bənnayeva
Globalinfo.az