Zelenskinin Ərdoğanı məyus edən sözləri – Qarabağ ssenarisi narahatlığı

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sülh danışıqlarında vasitəçi olmaq istəyir, lakin Kiyev üçün təkcə Ankaranın vasitəçiliyi kifayət deyil, dünya formatı daha uyğundur.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Turab Rzayev deyib ki, Zelenski beynəlxalq birlik tərəfindən qarantiya istəyir:

“Rusiya və Ukrayna arasında razılıq əldə olunmasında vasitəçi Türkiyə olarsa, müqavilənin gələcəkdə məcburetmə qüvvəsi nə qədər olacaq? Rusiya verdiyi vədə əməl etməsə, Türkiyə onu müqaviləyə sadiq qalmağa necə məcbur edəcək? Rəsmi Moskvanın tarixdə bu cür müqavilə imzalayıb əməl etməməsinin şahidi olmuşuq. 2014-cü ilə Ukrayna ilə Krım müharibəsindəki müvəqqəti atəşkəs, Normandiya formatı, Qarabağla bağlı məsələlər də buna misaldır. Ukrayna bundan narahatlıq keçirir”.

Politoloqun fikrincə, Zelenski Aİ, ABŞ və digər Qərb ölkələrinin Rusiyanı məcburetmə əməliyyatında daha çox uğur qazanacağını düşünür:

“Hesab edirəm ki, Ukrayna prezidentinin bu yanaşması səmimi deyil. Çünki hər iki tərəflə danışa bilən ölkə Türkiyədir. Qərb ölkələri Putinlə danışa bilmir, onu qatil adlandırırlar.

Digər tərəfdən rəsmi Moskva Qərbi vasitəçi kimi qəbul etmir. Cəbhədə uğur əldə etdikdən sonra Qərbi sülh müqaviləsinə məcbur edəcəyini düşünür. Çinin də yanaşması eynidir”.

Turab Rzayev qeyd edib ki, Rusiya və Ukraynanı atəşkəslə bağlı razılığa gətirən yeganə ölkə Türkiyədir:

“Xatırlayırsınızsa, Rusiya Kiyev və Xarkovdan öz ordusunu geri çəkmişdi. Lakin Zelenski vədini yerinə yetirmədi. Burada Böyük Britaniyanın xüsusi rolu olmuşdu.

Ona görə də Türkiyəyə qarşı səmimiyyətsizlik və haqsızlığın olduğunu düşünürəm. Ukrayna prezidenti sülh müqaviləsi imzalamaq istəmir və rəsmi Ankaranın rolunu kiçiltməyə çalışır”.

Safura Bənnayeva
Globalinfo.az