Zelenski Ərdoğana siyahı verdi

Vladimir Zelenski Rəcəb Tayyib Ərdoğana Rusiya tərəfindən həbs edilən ukraynalı əsir və məhbusların siyahısını verib.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla baş tutan görüşünün nəticələrinə dair mətbuat konfransı zamanı bildirib.

Zelenski qeyd edib ki, onların arasında repressiyaya məruz qalan Krım tatarları da var.

“Bu gün mən Rusiya tərəfindən repressiyaya məruz qalan və ən ağır şəraitdə həbsxana və düşərgələrdə saxlanılan Ukrayna vətəndaşlarının, xüsusən də Krım tatarlarının siyahısını verdim”, – deyə Zelenski bildirib.

O qeyd edib ki, həbs edilən tatarların sayı getdikcə artır və hələ də onların Ukraynaya dönmələri üçün səylər nəticə verməyib. Zelenski Türkiyə Prezidentinin bu məsələdə yardım edə biləcəyinə ümid etdiyini vurğulayıb.