Zaxarovanın açıqlaması İrəvanı “dəli” etdi – Bakının müdrik sükutu…

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlamasında Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyalarına nəzarəti Rusiya FTX-nin həyata keçirməsinin qəbul edildiyini bildirib. Zaxarova bu sözlərində 10 noyabr 2020-ci il Bəyanatının 9-cu bəndinə əsaslanıb.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Rusiya XİN-in rəsmi nümayəndəsinin bəyanatı ilə bağlı şərhində isə deyilir ki, Ermənistan Respublikası heç vaxt heç bir sənəddə öz suverenliyinə hər hansı məhdudiyyətlə razılaşmayıb və onun suveren ərazisinin heç bir hissəsində üçüncü ölkənin nəzarəti bərqərar oluna bilməz.

Zaxarovanın Azərbaycanın Qərb rayonları və Naxçıvan arasındakı kommunikasiyalara Rusiya sərhədçilərinin nəzarət etməsi təklifi nə mənaya gəlir?

Ermənistan tərəfinin bunu qəbul etməsi mümkündürmü? Azərbaycan belə bir təklifi qəbul edəcək mi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, 10 noyabr Bəyanatının 9-cu maddəsində təsbit edilmiş razılaşmaya baxmaq lazımdır:

“Orada bir-birinə oxşar, lakin mahiyyətcə fərqli iki cümlə var.

Aqşin Kərimov

Birincidə yazılır ki, Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının Qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.

İkincidə isə bildirilir ki, nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir.

Mən bu iki ayrı-ayrı mahiyyəti bir nüvədə birləşdirəndə belə fikrə gəlirəm ki, onsuz da, nəticədə Rusiya təhlükəsizliyə zəmanət verir. Çünki Ermənistanın təhlükəsizlik sisteminin memarı Rusiyadır, aeroportlardan tutmuş, Ermənistanın Türkiyə və İranla sərhədlərinə qədər təhlükəsizlik cavabdehliyini Rusiya daşıyır.

Ermənistan isə fərqlilik üzrə məsafəni daha da uzatmağa çalışır, yaradılan Xüsusi Şöbənin məqsəd və məramı İrəvanla Rusiya arasında artan gərginlik fonunda Moskvanı oyundankənar vəziyyətdə saxlamaqdır.

Bu avtomatik olaraq 10 Noyabr Bəyanatının 9-cu bəndi üzrə razılaşmaların qüvvədən salınmasına cəhd kimi oxuna bilər, belə olduğu təqdirdə, Azərbaycanla Rusiya başqa bir şəkilləndirmə üçün razılıq əldə etmək şansını əldən buraxan deyil”.

Ekspertin sözlərinə görə, Azərbaycanın strateji maraqlarının tutumu ilə Rusiyanın regiondakı maraqları fərqlidir, ancaq Bakı ilə Moskva bunun əlamətlərini göstərməkdənsə, fikir ayrılıqlarını həll etmək üçün ortaq məxrəc axtarır:

“Tənliklərin həlli baxımından həmin ortaq məxrəc Ermənistanın taleyinə necə təsir göstərəcək? Bu suala əhatəli cavab vermək çətindir, çünki beynəlxalq və regional geosiyasi konyunkturada mürəkkəbliklər çoxdur.

Bircə aydın görünən budur ki, Ermənistan Rusiya ilə bütün körpüləri yandırmaq istədiyindən Moskvanın İrəvana ilişdirəcəyi zərbənin təsiri sarsıdıcı ola bilər.
İnanmıram ki, Ermənistandakı həddini aşmış qarışıqlıq və xaos Azərbaycan üçün sərfəlidir, lakin belə ssenaridə Bakı da öz kartlarını oynamalıdır ki, strateji müdafiə siyasətinin uzunmüddətli kodlarını yazsın”.

Turan Rzayev
Globalinfo.az