Yaponiya əhalisinin sayı kəskin azalacaq – SƏBƏB

Yaponiyanın əhalisinin sayı 2070-ci ilədək 30 faiz azalaraq, 87 milyon nəfərə düşəcək.

Globalinfo.az istinadən xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə Nazirliyinin tabeliyindəki Əhali və Təhlükəsizlik Tədqiqatları İnstitutunun mövzuya dair proqnoz hesabatında qeyd edilib.

İnstitutun mütəxəssislərinin rəyinə görə, 2070-ci ilədək ölkədə yaşı 65-dən yuxarı olanların sayı 33 milyonu ötərək əhalinin 38 faizini təşkil edəcək ki, bu da sosial təminat xərclərinin kəskin artmasına səbəb olacaq.

İnstitutun proqnozlarına görə, Yaponiyada qadınların doğum əmsalının 2070-ci ildə nisbətən artaraq 1,33-ə çatmaq ehtimalına baxmayaraq, bu rəqəm əhalinin sayının sabit saxlanılması üçün həlledici hesab edilən əmsaldan (2,07) aşağı olacaq. Yeni doğulanların sayı 2043-cü ildə 700 minə, 2070-ci ildə isə 500 minə düşəcək.

Əsas vergi ödəyicisi olan əməkqabiliyyətli əhalinin (15-64 yaş) sayında da ciddi azalma olacağı gözlənilir. Belə ki, proqnozlar əməkqabiliyyətli əhalinin sayının hazırkı 75 milyon nəfərdən 2070-ci ilədək 45 milyona enəcəyini göstərir. Həmin vaxta 14 yaşadək olanların sayı təxminən 2 dəfə azalacaq, əhalinin orta yaşı isə 54-ə yüksələcək.