Xəbər verdiyimiz kimi, Aviqdor Libermanın rəhbərlik etdiyi “İsrail Bizim Evimiz” partiyasının İsrail parlamentində 7–9 mandat qazanacağı gözlənilir.
Libermanın adı tez-tez Azərbaycanla münasibətlərdə çəkilir və onun ölkəmizə böyük diqqəti, sevgisi zaman-zaman müxtəlif aspektlərdə özünü göstərib.
Bəs Aviqdor Liberman əslində kimdir?
Globalinfo.az xəbər verir ki, o, uzun illər İsrail hökumətində müxtəlif vəzifələr tutub, ölkənin xarici siyasətinə və təhlükəsizlik məsələlərinə təsir göstərən siyasi fiqurlardan biri olub. Libermanın Azərbaycanla əlaqələri də məhz bu siyasi keçmiş, İsrailin Cənubi Qafqaz siyasəti və Bakı ilə Təl-Əviv arasındakı münasibətlər kontekstində maraq doğurur.
Aviqdor Liberman 5 iyun 1958-ci ildə o vaxt Sovet İttifaqının tərkibində olan Kişinyov şəhərində, indiki Moldovanın paytaxtında anadan olub. 1978-ci ildə İsrailə köçüb və sonradan ölkənin siyasi həyatında fəal iştirak etməyə başlayıb. 1999-cu ildə “Bizim Evimiz İsrail” partiyasını yaradıb. Əvvəlcə əsasən keçmiş Sovet İttifaqından İsrailə köçən yəhudilərin maraqlarını ifadə edən bu siyasi təşkilat zamanla sağçı və dünyəvi siyasi qüvvəyə çevrilib.
Siyasi karyerasında diqqətçəkən məqamlardan biri də onun Baş nazir Benyamin Netanyahu ilə münasibətləridir. Liberman bir vaxtlar Netanyahunun yaxın siyasi tərəfdaşı olsa da, sonradan onunla fikir ayrılığı yaşayıb və müxalifətə keçib. O, 2009-2012-ci illərdə və 2013-2015-ci illərdə İsrailin xarici işlər naziri vəzifəsini tutub. 2016-2018-ci illərdə müdafiə naziri, 2021-2022-ci illərdə isə maliyyə naziri olub.
Azərbaycanla əlaqələri nəyə əsaslanır?
Libermanın Azərbaycanla münasibətlərinin əsasını iki ölkə arasında uzun illər ərzində formalaşmış siyasi, iqtisadi və hərbi əməkdaşlıq təşkil edir. O, xarici işlər naziri olduğu dövrdən başlayaraq Azərbaycanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verən İsrail siyasətçilərindən biri kimi çıxış edib. 2015-ci ildə “Visions of Azerbaijan” jurnalına müsahibəsində Liberman iki ölkə arasında münasibətlərin sabit və konstruktiv olduğunu bildirib.
Libermanın Azərbaycana münasibətində diqqət çəkən başqa bir məqam onun ölkəmizi dini və etnik tolerantlıq nümunəsi kimi təqdim etməsidir. O, Azərbaycanda yaşayan yəhudi icmasının təhlükəsizliyini və iki xalq arasında əlaqələrin inkişafında bu icmanın rolunu yüksək qiymətləndirib.
2017-ci ildə Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə çıxışında Liberman iki ölkə arasında dostluq əlaqələrinin gücləndiyini deyib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərinin əməkdaşlığın, xüsusilə yüksək texnologiyalar, kənd təsərrüfatı və enerji sahələrində inkişafına töhfə verdiyini bildirib.
2018-ci ildə isə İsrailin müdafiə naziri kimi İlham Əliyevə ünvanladığı təbrik məktubunda iki ölkənin müdafiə qurumları arasında hərtərəfli əməkdaşlığın qarşılıqlı etimad və anlaşmaya əsaslanan münasibətlərin mühüm hissəsi olduğunu vurğulayıb.
Liberman Qarabağ mövqeyi
Onun 2016-cı ildə keçmiş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər də diqqətəlayiqdir. Belə ki, həmin il aprelin 6-da o, Azərbaycanın Qarabağ münaqişəsindəki mövqeyini tam əsaslı hesab etdiyini bildirib.
2020-ci ilin sentyabrında, Azərbaycan və Ermənistan arasında hərbi toqquşmaların davam etdiyi vaxt Liberman bu mövqeyini yenidən ifadə edib. “Vestnik Kavkaza” nəşrində dərc olunan müsahibəsində o, beynəlxalq hüquq, tarixi faktlar və İsrailin maraqları baxımından həqiqətin Azərbaycanın tərəfində olduğunu söyləyib.
Liberman İsrail dövlətində hansı strateji rola sahibdir?
O, ölkə siyasətində əsasən təhlükəsizlik və xarici siyasət məsələlərinə təsir göstərən təcrübəli siyasi fiqurlardan biridir. Libermanın siyasi xətti İsrailin milli təhlükəsizliyinin gücləndirilməsini, İranla mübarizədə sərt mövqe və ölkənin hərbi imkanlarının artırılmasını nəzərdə tutur. Eyni zamanda bütün vətəndaşların hərbi xidmətə cəlb olunmasını tələb edir.
Onun rəhbərlik etdiyi “Bizim Evimiz İsrail” partiyası həm təhlükəsizlik, həm də daxili idarəçilik məsələlərində özünəməxsus siyasi mövqeyə malikdir.
Hazırda Libermanın əsas təsir imkanlarından biri parlamentdə və mümkün koalisiya danışıqlarında iştirakıdır. Buna görə də o, hökumətdə vəzifə tutmasa belə, İsrailin gələcək siyasi kursu ilə bağlı müzakirələrdə rol oynama şansı var.
Ləman İmran
Globalinfo.az