seki

“Şəki Yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisəyə görə cinayət məsuliyyətinə cəlb olunan şəxslər həbs edilib. Baş Prokurorluğun məlumatına görə, aparılan istintaq zamanı hadisənin baş verməsində səhlənkarlıq və təhlükəsizlik qaydalarının pozulması halları müəyyən edilib. Hər iki şəxsə ittiham elan olunub və barələrində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, istirahət mərkəzinin fəaliyyəti ilin sonunadək dayandırılıb.

Bəs istirahət mərkəzinin sahibi və onun himayəçiləri həbs oluna bilərmi?

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, Cinayət Məcəlləsinin 308-ci maddəsinə dair qeydə əsasən, kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri, işçiləri, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də müvafiq hallarda vəzifəli şəxs hesab edilə bilərlər:

“Deməli, özəl istirahət mərkəzinin idarəçisi də bu maddənin subyekti ola bilər. Bununla yanaşı, əgər dövlət orqanlarının vəzifəli şəxsləri nəzarət öhdəliklərini yerinə yetirməyib, qanunsuz fəaliyyətə göz yumub və ya pozuntuların qarşısını almaq imkanından istifadə etməyiblərsə, onların hərəkətlərinə də hüquqi qiymət verilməlidir. Xüsusilə, 311-ci maddə vəzifəli şəxsin ümumi himayədarlıq, laqeydlik müqabilində maddi və ya sair nemət əldə etməsini də cinayət hesab edir. Yəni qanunsuz fəaliyyətə himayədarlıq edilməsi və bunun qarşılığında hər hansı nemət əldə olunması sübuta yetirilərsə, ayrıca cinayət məsuliyyəti yarana bilər. Ancaq sahibkarla tanışlıq, dostluq və ya nüfuzlu şəxslərlə əlaqələrin olması avtomatik olaraq cinayət məsuliyyəti demək deyil. Cinayət Məcəlləsinin 31-33-cü maddələrinə əsasən, iştirakçılığın müəyyən edilməsi üçün şəxsin cinayətdə konkret rolu, niyyəti və törədilən əməllə hüquqi əlaqəsi sübuta yetirilməlidir”.

ellada

Ellada Bayramova

Hüquqşünas bildirib ki, hazırda ictimaiyyətə açıqlanan məlumatlarda konkret himayəçilərin müəyyən edilməsi və onların barəsində cinayət təqibinə başlanması barədə təsdiqlənmiş məlumat yoxdur:

“Buna görə də sırada kimlərin həbsinin gözləndiyini əvvəlcədən söyləmək düzgün olmazdı. Həm də bu, istintaqın gedişatına xələl gətirir. Əsas məsələ iki insanın ölümü ilə nəticələnən hadisədə məsuliyyətin yalnız sonuncu icraçılarla məhdudlaşmamasıdır. Faciəyə səbəb olan bütün qərarlar, hərəkətlər və hərəkətsizliklər araşdırılmalı, hər kəsin məsuliyyəti konkret sübutlar əsasında müəyyən edilməlidir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: