14 il müddətinə azadlıqdan məhrum edilən, lakin şərti həbs olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində “Şərq-Qərb” nəşriyyat evinin fəaliyyəti də diqqət mərkəzinə düşüb. Xüsusilə nəşriyyatın rəhbər şəxslərindən olan Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
Bəs adı çəkilən Sevil İsmayılova kimdir?
Globalinfo.az xəbər verir ki, Sevil İsmayılova uzun illərdir nəşriyyat sahəsində fəaliyyət göstərir. O, “Şərq-Qərb” nəşriyyatının Nəşriyyat Departamentinin direktorudur.
Onun peşəkar fəaliyyəti ilə bağlı diqqətçəkən məqamlardan biri 2024-cü ildə gündəmə gəlib. Belə ki, o, çoxsaylı kitabların nəşrinə cavabdeh mütəxəssis kimi ABŞ Konqres Kitabxanasının Səlahiyyətli Adlar Reyestrinə daxil edilib.
Sevil İsmayılovanın rəhbərlik etdiyi “Şərq-Qərb” nəşriyyatının tarixçəsi də diqqət çəkir. Müəssisə 1986-cı ildə 4 nömrəli Bakı Kitab Mətbəəsi kimi dövlət müəssisəsi olaraq fəaliyyətə başlayıb. 2001-ci ildə təşkilati-hüquqi forması dəyişdirilərək Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Əsas fəaliyyət istiqamətləri kitab nəşri və çap işləridir.
Nəşriyyatın mülkiyyət strukturu isə Ramiz Mehdiyevin ailəsi ilə bağlılığı baxımından xüsusi maraq doğurur. 2026-cı ilin aprelində yayılan məlumatlara əsasən, “Şərq-Qərb” ASC-nin əsas səhmdarı Ramiz Mehdiyevin oğlu, general-mayor Teymur Mehdiyevdir. Onun şirkətdəki payının təxminən 96 faiz olduğu bildirilir. Beləliklə, Sevil İsmayılova nəşriyyatın idarəçiliyində, Teymur Mehdiyev isə onun əsas səhmdarı kimi çıxış edir.
Nəşriyyatın adı Ramiz Mehdiyevin cinayət işi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda da çəkilib. DTX-nin açıqlamasına görə, Mehdiyevin 2025-ci ilin avqust-sentyabr aylarında hazırladığı “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” adlı sənədin yekun redaktə olunmuş nüsxəsi həmin il oktyabrın 3-də “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə göndərilib.
Bundan sonra nəşriyyatın əməkdaşlarının cinayət işi üzrə mümkün rolu da diqqətə gəlib. Sevil İsmayılova həmin iş üzrə şahid qismində dindirilən şəxslər arasında olub.
İstintaq materiallarına görə, Ramiz Mehdiyev Azərbaycanın son beş ildəki siyasi və idarəetmə problemləri ilə bağlı hazırladığı əlyazmanın çapını Sevil İsmayılovaya həvalə edib. Sənədin əsas ünvanı Rusiyanın Xarici Kəşfiyyat Xidməti olub və onun Sergey Narışkinin müavini Rəşad Kurbanov vasitəsilə çatdırılması nəzərdə tutulub.
Qeyd: Sevil İsmayılovanın məsələ ilə bağlı mövqeyini təqdim etməyə hazırıq.
Əliyar Xəlil
Globalinfo.az