orig

ABŞ administrasiyası Venesuelada Amerika hərbçilərinin uzunmüddətli fəaliyyətinə hüquqi zəmin yarada biləcək razılaşmanın imzalanması üçün danışıqlar aparır.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Venesuela strateji coğrafi mövqeyə malikdir. Ölkənin Karib dənizinə çıxışı, həmçinin Kolumbiya, Braziliya və Qayana ilə quru sərhədlərinin olması onu Cənubi Amerikada mümkün hərbi əməliyyatlar baxımından əlverişli mövqeyə çevirir. ABŞ-ın bu istiqamətdəki maraqlarından biri də narkotik qaçaqmalçılığına qarşı mübarizəni gücləndirməkdir.

ABŞ Dövlət Departamentinin rəhbərlik etdiyi danışıqlarda qüvvələrin statusu haqqında sazişin (SOFA) imzalanması nəzərdə tutulur. Belə bir sənəd Amerika hərbçilərinin Venesuelada qarşılıqlı razılaşdırılmış fəaliyyətlər həyata keçirməsi üçün hüquqi çərçivə formalaşdıracaq. Bu fəaliyyətlərə hərbi gəmilərin səfərləri, təlimlər, hərbi məşqlər və humanitar yardım əməliyyatları daxil ola bilər.

Venesuelada yerləşdiriləcək hərbçilərin sayı və onların fəaliyyət göstərəcəyi məkanlar isə gələcək razılaşmalar əsasında müəyyənləşdirilə bilər.

Bununla yanaşı, ABŞ rəsmilərindən biri ölkədə hərbi bazaların yaradılması məsələsinin hazırda müzakirə olunmadığını bildirib.

Paylaş: