Xəzər Süleymanlının poeziya gecəsindəki sirli qonaq: o kim idi, hara yoxa çıxdı? – FOTOLAR

– Hara gedirik, Aqşin bəy?

– “Yaşıl teatr”a…

– Həə… “Yaşıl teatr”a gedirik, amma bizə yaşıl işıq yanmır, yollar tıxacdır.

Sürücü söz oyununa necə reaksiya verəcəyimi bilmək üçün güzgüdən məni süzür. Gülümsəyirəm, pəncərəni bağlayıb, kondisioneri yandırmağı xahiş edirəm.

Doğrudan da, bir tıxac var, tut ucundan şəhərin o başına get. Amma mənə şəhərin o başı yox, “Yaşıl teatr” lazımdır – qiraətçi dostumuz Xəzər Süleymanlının “Xoşladığım bir gecə” adlı musiqili poeziya gecəsinə gedirəm.

Xəzərin “Məni gözəl xatırla” adlı poeziya gecəsini xatırlayıram – Heydər Əliyev Sarayında ardıcıl iki gün anşlaqla keçən tədbiri. Sevincin, hüznün, gülüşün, göz yaşının, qürurun sürətli yerdəyişməsinin yaşandığı o gecəni…

Siqnal səsi məni o gecədən qoparıb yenidən tıxacın məngənəsinə atır.

– Burda düşüb piyada getsəniz, daha tez çatarsız, – sürücü təklif edir.

İrəli baxıram: uzanan tıxacın sol tərəfində insan seli nəzərə çarpır. “Yəqin, şeir gecəsinə gedirlər”, – götür-qoy edib, sürücünün “piyada gediş” təklifi ilə razılaşıram.

Artıq “Yaşıl teatr”dayam. Dostumuz Aşur hər zamankı kimi ora-bura qaçır, hamının köməyinə yetir. Mənə yaxınlaşır:

– Qardaş, birazdan Ramiz Rövşən gələcək, kömək edərsən də, onu qarşılayarıq.

Bu an böyük şairimiz Ramiz Rövşən və əfsanəvi alimimiz Rafiq Əliyev “Yaşıl teatr”ın girişində görünürlər… Görünürlər, lakin içəri girə bilmirlər, çünki oxucular imkan vermir – foto çəkdirirlər. Oxucuların yaratdığı bu “tıxacı” izləyirəm – gənclər öz şair və aliminə sevgi ilə yanaşırlar.

Nəhayət ki, onlar “Yaşıl teatr”a daxil olurlar. Hər ikisi ilə salamlaşıram, getmək istəyirik, lakin oxucuların foto çəkdirmək israrı davam edir. Ramiz müəllim səbirlə, təmkinlə, heç kimin xətrinə dəymədən hamı ilə foto çəkdirir. Bu an 4-5 oxucu yaxınlaşır:

– Aqşin bəy, olar sizinlə şəkil çəkdirək?

– Başa düşmürəm, ədəbiyyata qarşı bu nə münasibətdir?! Ramiz müəllim qala-qala hansı haqla mənimlə şəkil çəkdirirsiniz? – gülərək deyirəm.

Onlar da gülür, “Ramiz müəllimlə çəkdirmişik artıq” deyirlər. Üzümdəki təbəssümlə onların obyektivinə düşürəm.

“Yaşıl teatr”ın pilləkənlərini düşəndə Ramiz müəllim deyir, “Aqşin, cavanlığının qədrini bil”. Bunu təkcə pilləkənləri düşməyin çətinliyi üçün demədiyini anlayıram. Yerimizdə yenicə əyləşirik ki, Flora xanım gəlir – Kərimova. Ayağa qalxıb salamlaşırıq.

Bir qədər sonra ətrafdakı qarğaşanı sükut və nizam əvəzləyir: hamı yerində əyləşib, səbəbkarı gözləyir. Qəfil alqış qopur. Xəzər Süleymanlı “Yaşıl teatr”ın pilləkənlərindən, tamaşaçıların yanından şeir oxuya-oxuya səhnəyə gəlir. Onu “Hicaz” qrupu müşayiət edir. Mahnı və şeirin bir-birini əvəz etməsi gecənin harmoniyasını dərinləşdirir. Çevrilib ətrafı nəzərdən keçirirəm: skamyalarda cəmi bircə boş yer qalıb. Bircə boş yer…

Bu qədər insan hansısa bayağı müğənniyə, tiktokerə görə yox, Azərbaycan poeziyasının ən sevilən şeirlərini Xəzərin ifasında dinləməyə gəlib. Təkcə bu fakt gələcəyə ümidlə baxmağa kifayət edir. Amma düşünürəm: o boş yer kimindir, görəsən?

Bu, sıradan qiraət gecəsi deyil, həm də teatral-poetik ritualdır. Müqəddəs mətnlərdən Bakının axşamçağı romantikasına, Nəsiminin irfani qəzəllərindən həyatın məişət qatına, sülhün əzəmətindən müharibənin təlatümünə qədər müxtəlif məfhumlararası keçidlər insanı bir auradan başqasına atır. Yanımda əyləşmiş Rafiq müəllimə “bu da bir qeyri-səlis məntiqdir” demək istəyirəm, amma diqqətlə şeir dinlədiyini görüb susuram.

Xəzərin ifasında Əli Kərim, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Hüseyn Arif, Ramiz Rövşən, Əlisəmid Kür, Kamal Hüseynzadə və başqa şairlərin şeirləri dəniz sahilində yerləşən bu məkandakı hər kəsi dalğadan-dalğaya atır.

Bu arada, o boş qalmış oturacaq məni hələ də düşündürür. Görəsən, kimin yeridir? Niyə gəlməyib?

Geniş monitorda Xəzəri bir neçə obrazda – əsgər, mömin, dilənçi, detektiv, kloun və b. formalarda görürük. Növbəti dəfə alqış qopur. Ardınca “Hicaz” qrupunun improvizələri auditoriyanı bir qədər də canlandırır.

Şeir və ifaların təqdim edilməsi müddətində gah Ramiz müəllim Flora xanıma, gah da Flora xanım Ramizə müəllimə pıçıltı ilə nələrsə deyir. Bunu hər iki sənətkarın öz sahəsi üzrə qiymətləndirmə aparmasına yozuram.

Arabir geri çevrilib yuxarıdakı boş oturacağa baxıram – “şimal cəbhəsində yenilik yoxdur”, hələ də boşdur.

Xəzər Süleymanlı xalq şairi Hüseyn Arifin “Analar” şeirini qiraət edir, asta addımlarla səhnədən düşüb, tamaşaçılara tərəf gəlir, bir qadına yaxınlaşır və onu ayağa qaldırıb əlindən öpür, qucaqlayır. Bir daha alqışlar səsləri… Qadının kim olduğunu soruşurlar. “Xəzərin anası Sevda xanımdır” deyirəm.

Doğmalığın təntənəli addımları davam edir – xalq artisti Nəzakət Teymurova səhnəyə gəlib, korifey sənətkarımız Müslüm Maqomayevin ifasında sevdiyimiz “Ana” mahnısını oxuyur. Kövrələnlər, ağlayanlar var….

Növbə gəlib çatır mənim “Şuşanın azadlıq gecəsi” şeirimə. Təbii, Şuşa ümumiləşdirilmiş simvoldur. Bu şeir ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, Vətəni qoruyan qəhrəmanlarımıza aiddir. Şeir səsləndikcə ətrafdan asta hönkürtü, hıçqırtı eşidilir. Kimsə “Allah hamısına rəhmət eləsin” deyir. Göz yaşları içində intensiv alqışlar davam edir… Yuxarı sırada əyləşənlərdən biri “Aqşin bəy, ən çox sizin şeirinizə alqış gəldi” deyir. Etiraz edirəm, “əslində, bu alqışlar mənim üçün yox, şəhidlərimiz üçündür” deyə cavab verirəm. Bu an gözüm məndən bir neçə sıra yuxarıdakı həmin o boş oturacağa sataşır. Görürəm, orada bir nəfər oturub, əynində hərbi geyim var. Xalq şairi Ramiz Rövşən əlimi sıxıb Şuşa şeirimlə bağlı xoş sözlər deyir. Məmnunluqla təşəkkür edirəm. Üzümü çevirib həmin əsgərə baxıram: qəribədir, orada yoxdur. Gedib. Heyrət məni bürüyür. Axı indicə orda idi, oturmuşdu.

Kim ola bilər? Hansı əsgər idi? Niyə məhz Şuşa şeirində peyda oldu, sonra yoxa çıxdı? Fikirlər məni burulğan kimi özünə çəkir. Birtəhər özümü ələ alıram.

Şuşa haqqında şeirin gətirdiyi qürur və hüznü səhnəyə ağappaq geyimləri ilə sülh göyərçinləri kimi çıxan balaca qızlar dəyişir. Onların gəlişi ilə qaranlıq gecə aydınlanır. Maraqlı ifaları tədbirini ritmini başqa bir məcraya daşıyır. “Yaşıl teatr” daha da “yaşıllaşır”.

Nikbin notlarla başlayan “Xoşladığım bir gecə” elə həmin notlarla da başa çatır, amma demək olar ki, heç kim zalı tərk etməyib. Hər kəs ayağa qalxıb Xəzər Süleymanlı və “Hicaz” qrupunu alqışlayır. Yavaş-yavaş Flora xanımla foto çəkdirənlər onu qucaqlayanlara qarışır. Ardınca hamı səhnəyə axın edir – Xəzər Süleymanlı ilə şəkil çəkdirməyə.

Azərbaycan mədəniyyəti tarixinə düşəcək daha bir poeziya tədbirinin uğurla baş tutmasının sevinc və qürurunu yaşayıram. Bir nəfər yaxınlaşıb, telefonunun ekranını göstərir:

– Bayaq Rafiq müəllimlə Ramiz müəllimə kömək edirdiniz, onu çəkmişəm.

Fotoya baxıb gülürəm və əlavə edirəm:

– Fotoda elə görünür. Əslində, onlar bizə kömək edirlər – ədəbiyyatda, riyaziyyatda və həyatda…

Beləcə “Xoşladığım bir gecə” yaddaşımın ən gözəl tərəfinə “Unudulmaz bir gecə” kimi düşür.

Aqşin Evrən
Globalinfo.az