Xankəndidə “fəlakət ssenarisi” – Bakı müdaxilə edə bilər

Ermənistanın təxribat hücumu nəticəsində Laçın postunun bağlanmasından sonra Qarabağdakı separatçı rejim yenidən “fəlakət ssenari”sinin tətbiqinə başlayıb.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, ötən gün “qənaət rejiminə” keçdiklərini açıqlayan separatçılar “Azərbaycan yeni hərbi əməliyyata hazırlaşır” iddialarını da irəli sürürlər.

Hər iki iddia “fəlakət ssenarisi”nin yenidən tətbiqinə başlanmasından xəbər verir. Separatçıların bu ssenaridə iki hədəfi var:

– birincisi, Qarabağdakı erməni əhalisini qorxutmaq, Azərbaycana reinteqrasiyanın qarşısını almaq və onları nəzarətdə saxlamaqdır;
– ikincisi, beynəlxalq ictimaiyyətə Qarabağda “humanitar böhran” olduğunu göstərmək, bununla Laçın postunun ləğv edilməsi üçün Bakıya təzyiqə nail olmaqdır;

Artıq bu, məlum və klassik ssenaridir. Hələ Şuşa-Xankəndi yolunda aksiya başlayanda separatçılar eyni ssenarini tətbiq etməyə başladılar. Onlar ərzağı gizlədir, erməni əhalisinə talon tətbiq edir və bununla “humanitar fəlakət” səhnəcikləri düzəldirdilər. Lakin bu ssenarilər nəticə vermədi, çünki beynəlxalq ictimaiyyət də artıq “erməni yalanını” qəbul etmir, digər tərəfdən, Bakının mövqeyi qəbul olunur.

Rəsmi Bakı erməni əhalisinin bütün təhlükəsizliyini təmin edə biləcəyini elan edib, separatçılar da ya təslim olub amnistiya imkanından yararlana bilər, ya da zərərsizləşdiriləcək. Separatçıların hazırda tətbiq etdiyi “fəlakət ssenarisi”nin də beynəlxalq müstəvidə nəticə verməyəcəyi bəllidir. Bu vəziyyətdə Bakı erməni əhalisinə qarşı “fəlakət ssenarisi”nin qarşısını almaq üçün proseslərə müdaxilə edə bilər.