Xankəndi-Laçın yolunda etiraz aksiyası davam edir, mahnılar ifa olunur

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası gecə saatlarında da davam edir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, şaxtalı havanın olması aksiyanın gedişinə heç bir maneə yaratmır, ekofəalların səhhətində isə ciddi problemlər müşahidə edilmir.

Aksiya başladığı gündən etibarən və hazırda da təhlükəsizlik qaydalarına maksimal dərəcədə əməl olunur.

Həmişəki kimi, yenə də etirazçıların olduğu yolda hərəkətin sərbəstliyi təmin edilir, humanitar məqsədlər üçün açıqdır.

Ekofəallar və gənc könüllülər üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırır, vətənpərvərlik ruhunda mahnılar ifa edirlər.

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, yataqlarda monitorinq aparılmasına icazə verilməsini tələb edən etirazçılar “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Bereqite prirodu!”, “Ekosidu net! Monitorinqu da!” şüarlarını səsləndirirlər.

Aksiyaçılar gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunurlar.

Etirazçılar hazırda əhvali-ruhiyyələrinin yüksək olduqlarını və aksiyanı gecə səhərədək də davam etdirəcəyini deyirlər.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 13 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.