ABŞ-ın vitse-prezidenti Ceyms Di Vensin siyasi keçmişi və Prezident Donald Trampla münasibətləri yenidən gündəmə gəlib.
Globalinfo.az bildirir ki, “Vanity Fair”də yayımlanan yeni xəbərə görə, o zaman hələ siyasətçi olmayan və “Hillbilly Elegy” kitabı ilə tanınan yazıçı Vens, 2016-cı il prezident seçkilərində Trampı dayandırmaq üçün Hillari Klintonun seçki kampaniyası ilə əlaqə saxlayıb.
İddiaya görə, Vens 2016-cı ildə Hillari Klintonun baş siyasət müşaviri Ceyk Sallivanla görüşmək istəyib, hətta buna nail olduğu iddia edilib.
“Görüş zamanı Viskonsin, Miçiqan, Pensilvaniya və Vensin doğulduğu Ohayo ştatları müzakirə olunub. Ceyms Di Vens Klintonun bu ştatlara daha çox diqqət yetirməli olduğunu deyib. Sallivana yaxın başqa bir mənbə də görüşün baş tutduğunu təsdiqləyib və Vensin Klintonun kampaniya komandasına Trampı məğlub etməyə “fokuslanmalı” olduqlarını dediyini bildirib”, – nəşr yazıb.
İddiaya görə, Vens Klintonun Tramp tərəfdarlarının bir hissəsini təsvir etmək üçün işlətdiyi və “yazıq insanlar” mənasını verən “deplorables” ifadəsinin yaratdığı narazılığı aradan qaldırmalı olduğunu da deyib.
İddialara görə, Vens o zaman Tramp haqda danışarkən bunları deyib:
“Hillariyə nifrət edirəm. Amma Trampa daha çox nifrət edirəm. O, seçkilərdə qalib gələ bilməz”.
Vensin sözçüsü Teylor Van Kirk isə vitse-prezidentin Klintonun seçkiləri qazanmasına kömək etməyə çalışdığı iddiasını qəti şəkildə rədd edib.
Xatırladaq ki, Vensin Trampa qarşı mövqeyi daha əvvəl də gündəmə gəlmişdi. Yale Hüquq Məktəbindəki keçmiş otaq yoldaşı Coş MakLoranın yayımladığı mesajlarda onun Trampın “Amerikanın Hitlerinə” çevrilə biləcəyindən bəhs etdiyi və onu “demaraqoq” adlandırdığı görünmüşdü. Vens sonrakı illərdə siyasi mövqeyini dəyişərək Trampın əsas tərəfdarlarından birinə çevrildi. Onun dəstəyi ilə Senata seçildi, vitse-prezident oldu.
Vens isə iyun ayında verdiyi müsahibədə keçmişdə Trampla bağlı yanıldığını deyərək, “Donald Tramp seçilərsə, uğursuz prezident olacağını düşünürdüm. Belə olmadı”, – ifadələrini işlədib.
Əliyar Xəlil
Globalinfo.az