Vəkildən mühüm açıqlama: “Nikosayağı” ilə bağlı bu qərar veriləcək

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin törətdiyi qəza ilə bağlı yeni detallar üzə çıxıb.

Məlumata görə, onun cinayət işi üzrə ibtidai istintaq işi tamamlanıb. Blogerin qəza törədən vaxt sərxoş vəziyyətdə olduğu və ona qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüldüyü bildirilib.

Maraqlıdır, N.Şakirli məsuliyyətdən azad oluna bilərmi?

Qarşı tərəfin şikayətçi olmaması, onun özünün də ağır xəsarət alması məhkəmə zamanı nəzərə alınacaqmı?

Mövzunu Globalinfo.az-a şərh edən vəkil Mehman Muradlı deyib ki, Nicat Şakirlini 5 ildən 8 ilədək cəza gözləyir.

Vəkilin sözlərinə görə, zərərçəkmişin ailəsinin şikayətçi olub-olmaması onu məsuliyyətdən azad etmir:

“Sadəcə, qarşı tərəfin şikayətçi olmaması yüngülləşdirici hal kimi qiymətləndirilə bilər. Lakin Nicat Şakirliyə istənilən halda 5 il cəza təyin olunacaq. Burada şərti cəzanın da nəzərdə tutulması mümkündür. Amma ölüm halı olduğu üçün şərti məhkumluq o qədər də real görünmür”.

Mehman Muradlı

Vəkil deyib ki, bu prosesdə prokuror və hakimin mövqeyindən asılı olan məsələlər də var:

“Ola bilər ki, 5 il cəza alsa, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkə bilər. Cəzasının heç olmasa 3 ilini çəkdikdən sonra isə şərti azadlığa çıxması mümkündür. İstənilən formada cəzasını alacaq”.

Zaira Akifqızı
Globalinfo.az