“Hindistanın Baş naziri Narendra Modinin bir müddət əvvəl Rusiyaya səfəri Kiyevin narazılığına səbəb oldu. Münasibətlər o qədər gərginləşdi ki, Hindistan Xarici İşlər Nazirliyi Ukraynadakı səfirini məsləhətləşmək üçün Dehliyə çağırdı”.
Bunu Globalinfo.az-a politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Hindistanın baş naziri növbəti dəfə vasitəçilik təklifi ilə Kiyevə gedəcək:
“Qərb Ukraynaya dəstək verir. Buna görə Hindistan Rusiyanın yanında olması görüntüsündən ehtiyat etdi. Çünki Dehlinin ABŞ və Avropa ölkələri ilə də sıx tərəfdaşlıq münasibətləri var. Narendra Modi bu səbəblə balansı qorumaq naminə avqust ayında Ukraynaya səfər etməyi planlaşdırır”.
Politoloq Çin Prezidenti Si Szinpinin də Moskva və Kiyevə vasitəçilik təklif etdiyini bildirib:
“N.Modidən fərqli olaraq Szinpin sadəcə Moskvaya səfər etdi, Kiyevə getmədi. Buna baxmayaraq, Pekin kimi Dehli də hesab edir ki, vəziyyətin həllinə yalnız diplomatik danışıqlar kömək edə bilər. Halbuki Rusiya-Ukrayna savaşının danışıqlar yolu ilə həlli bu il də mümkünsüz görünür. Müharibəni dayandırmaq və tərəfləri masa ətrafında toplamaq təşəbbüsləri heç bir nəticə vermir”.
Elxan Şahinoğlu
E.Şahinoğlu Çin liderinin növbəti dəfə Kiyevə səfər edə biləcəyini deyib:
“Bu arada, Ukraynanın mədəniyyət və informasiya siyasəti nazirinin müavini Anastasiya Bondar ötən həftə Dehlidə verdiyi müsahibədə Baş nazir Modinin ölkəsinə səfəri ilə bağlı nikbin olduğunu bildirib: “Mən şəxsən qəti şəkildə inanıram ki, Hindistanın baş naziri tezliklə Ukraynaya gələcək. Bu, ona real vəziyyəti göstərmək üçün yeganə mümkün yoldur. Ölkələrimiz arasında əməkdaşlığımızın dərinləşməsinə kömək edəcək mədəni dialoq yolu tapa bilsək, çox şad olaram”.
Göründüyü kimi, Narendra Modinin səfəri Ukrayna üçün vacibdir. Kiyev eynilə Si Szinpinin də ölkəyə səfər etməsini istəyir. Bu məqsədlə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinə 3 günlük səfərə getdi. O, dövlət rəsmiləri ilə danışıqlar apardı. Ehtimal ki, Narendra Modinin Kiyevə səfərindən sonra Si Szinpin də Ukraynaya səfər haqqında düşünəcək”.
Turan Rzayev
Globalinfo.az