Son günlər regionda ciddi proseslər baş verir. Ermənistan ilə Rusiya arasında gərginlik artır, İran Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır, İrəvan şərti dövlət sərhədində təxribatları artır və s.
Göründüyü kimi, proseslərin mərkəzində yenə Ermənistan var. Şübhəsiz Ermənistanın İranla və ya Rusiya ilə münasibətlərinin pisləşməsi Rəsmi Bakını narahat etmir. Əksinə, bu bizim maraqlarımıza uyğundur. Lakin Ermənistanın eyni anda həm İranla və Rusiya ilə münasibətləri gərginləşdirməsi, həm də Azərbaycanla şərti dövlət sərhədində təxribatlar törədib, gərginliyi artırması diqqət çəkir.
Aydın məsələdir ki, Ermənistan ardında güvəndiyi, ona dəstək olan bir güc olmasa belə riskli addımlar atmaz.
Elə isə sual yaranır: İrəvanın güvəndiyi, arxalandığı ölkə hansıdır?
Fransa ilk ağlagələn ölkə olsa da aydın məsələdir ki, rəsmi Paris İrəvanı ən yaxşı halda Azərbaycanla gərginliyə təhrik edə bilər. Paris eyni anda həm Tehranı, həm də Moskvanı qarşısına almaü gücündə deyil.
Əslində proseslərin pərdəarxasında duran güc ABŞ-dır. Ukraynada, Liviyada, Suriyada və digər münaqişlərdə olduğu kimi. Rəsmi Vaşinqton digər regionlarda olduğu kimi Cənubi Qafqazda da Rusiyanın təsir gücünü zəiflətmək və tədricən sıxışdırıb çıxarmaq üçün Ermənsitana dəstək verir.
Proses təkcə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq olsaydı bu proses bizim üçün məqbul sayıla bilərdi. Lakin Ermənistanı təsir dairəsinə almaq istəyən rəsmi Vaşinqton hətta bu istiqamətdə Qarabağ ermənilərinin reinteqrasiya prosesinə imkan vermir, Ermənistandakı revanşist qüvvələri stimullaşdıran tərəf qismində çıxış edir. Bu isə Bakının maraqlarına ziddir. Xüsusilə Vaşinqtonun reinteqrasiya prosesinə mane olması qəbul edilən bir şey deyil.
ABŞ-ın riyakarlığı özünü Qarabağda keçirilmiş “seçkilər”ə münasibətdə də göstərdi. Belə ki, 9 sentyabrda “keçirilmiş seçkilər”dən sonra aparıcı dövlətlər və təşkilatlar qanunsuz rejimi və onun “seçkilərini” tanımadığını bəyan etdiyi halda, Vaşinqton susmağa üstünlük verdi. Yalnız Azərbaycanın təzyiqlərindən sonra ABŞ Dövlət Departamenti sıravi təmsilçisi səviyyəsində şifahi şəkildə “seçkini” tanımadığını bildirmək məcburiyyətində qaldı.
ABŞ-ın ermənipərəst mövqeyi Brüssel formatı ilə paralel gedən Vaşinqton formatının tərəfsizliyini də şübhə altına alır. Misal üçün, sonuncu Vaşinqton görüşündə əldə olunmuş razılığa əsasən, sentyabrın 1-də bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutu işə düşməli idi. Bundan başqa ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı həm Laçın, həm Ağdam yolunun açılmasını xahiş etmişdi. Lakin ABŞ razılaşmaya müqavimət göstərən Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılara təzyiq göstərmək əvəzinə, öz mövqeyindən geri çəkildi. Bu gün istər Dövlət Departamentində, istərsə Konqresdə yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır.
ABŞ siyasəti geosiyasi global maraqlar üzərində qurulub. Yəni Vaşinqton üçün dost, ya da düşmən anlayışı yoxdur. ABŞ üçün yalnız və yalnız maraqlar var. ABŞ maraqlarına çatmaq üçün ölkələrdən istifadə etməkdən çəkinmir. Necə ki, hazırda Ermənistanla bunu edir.
Ermənistan ABŞ-a həddən artıq güvənir. İrəvan Paşinyanın qərbpərəst siyasəti nəticəsində tədricən “ikinci Ukrayna”ya çevrilir. Dediyim kimi, bu ilk başda bizim üçün xüsusi bir məna kəsb etmir. Lakin Ermənistana dəstək naminə ABŞ Azərbaycanın daxili işlərinə qarışacaqsa, Bakı buna səssiz qalmayacaq.
Turan Rzayev
Globalinfo.az