Vaşinqton israr edir, Bakı razı olmur: Sülh sazişi ilə bağlı vacib detal…

abs azerbaycan 900x506 1

“Regionda münaqişəli faza qalması Qərbə sərf edirdi. Ancaq Azərbaycan Cənubi Qafqazda tamam fərqli və sürpriz reallıqlar yaratdı. Bundan sonra Bakı ilə hesablaşma mərhələsi başlandı”.

Bu sözləri Globalinfo.az-a analitik Aqşin Kərimov ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesinə təsiri haqda danışarkən deyib. Onun sözlərinə görə, bu, ciddi çəkişmələrlə müşahidə olundu:

“Həm ABŞ, həm Fransa tərəfindən Azərbaycana qarşı təzyiq maşınları işə salındı. Bunun fonunda az qala belə bir təəssürat yaradıldı ki, bəs Rusiya Ermənistanın etibarlı müttəfiqi deyil. Sual olunur, o zaman Qərbdə Rusiyanın Ermənistanın təhlükəsizlik zəmanətçisi olması alqışlanırdımı?”.

Onun sözlərinə görə, Azərbaycanın yaratdığı reallıqlar Ermənistanın xarici siyasətdə böyük sarsıntı keçirməsinə gətirib çıxarıb:

“Kənar güclər bu sarsıntılara şərik çıxmaq görüntüsü yaradaraq əslində Ermənistanın ən həssas sinirlərinə toxunaraq onu Azərbaycana qarşı həvəsləndirmək siyasətini üstün tuturlar.

Mən burada ABŞ ilə Fransanın strateji yanaşmalarını fərqləndirərdim, çünki Parisdən fərqli olaraq Vaşinqton Bakı ilə tərəfdaşlıq, təhlükəsizlik sferalarında etibarlı bir model qurmaqda maraqlıdır.

Lakin ortada ziddiyyətlər qalmaqdadır. Bunu Azərbaycanla ABŞ az qala strateji dialoqlar ekvivalentində olan müzakirələrlə yoluna qoymağa çalışır. Fransa isə qlobal miqyasda itkilərini Cənubi Qafqazda alternativ ambisiyalar formalaşdırmaqla kompensasiya etməyə çalışır. O, burada Rusiya ilə bərabər, bir az da irəli gedərək söyləyirəm ki, ABŞ və Böyük Britaniya ilə də rəqabətdədir”.

Ekspert deyib ki, Fransa ilə ABŞ-ı fərqləndirən digər cəhət regiondakı mövcud reallıqların perspektivdə hansı potensial geosiyasi dəyişikliklərə gətirib çıxaracağı məsələlərində görünür:

“ABŞ Azərbaycanın yaşıl enerji siyasətinə və alternativ enerji mənbələrinin şaxələndirilməsi, ixracı potensiallarına yüksək qiymət verir, Fransadan isə bu istiqamətdə də müsbət siqnallar gəlmir.

Çoxtərəfli münasibətlər sistemində isə məsələni Rusiya amili mürəkkəbləşdirir. Buna görə də Moskvaya qarşı Ermənistan şirnikləndirilir. ABŞ ilə Fransa Ermənistanı Rusiya əleyhinə ehtiyatsız strategiya yürütməyə təhrik edir. Təbii ki, bu, Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyinə də təsirlərini göstərir.

Lakin bir məqam var: ABŞ Ermənistana dəstək olsa da, bu, sarsılmaz deyil. Fransa isə İrəvanın revanşist imkanlarını genişləndirməkdən ötrü Ermənistanın təhlükəsizlik qarantı rolunu üzərinə götürməyə çalışır. Ermənistan öz təhlükəsizliyini düşünməyib ehtiyatlı davranmırsa, prosesdə Azərbaycan öz sözünü deməlidir.

Gördüyünüz kimi, ABŞ ilə Fransa fərqli öhdəliklərlə regional meydandadırlar, ancaq proses Rusiyaya qarşı cəbhə oxu kimi formalaşdıqca, Moskva da əlindəki alətlərdən istifadəyə can atır”.

A.Kərimov deyib ki, Moskva Qarabağ münaqişəsi dövründəki mövqeyindən fərqli olaraq Azərbaycanın üzərinə gəlmir, o, indi daha çox Ermənistanı ram etməyin yollarını arayır:

“Beləliklə, Azərbaycan həm ABŞ-dan, həm də Rusiyadan gözləntilərini ortaya qoyur. Bunu Fransaya qarşı manevr sahəsi kimi genişləndirməyi düşünür. Yox, Fransa bu manevrə qarşı Ermənistana kapital qoyursa, Bakı qalibiyyət modelinin davamını gətirmək çağırışı ilə üz-üzə qalır.

ABŞ bu gözləntiləri Azərbaycan-Ermənistan sülh proqramında vasitəçilik cəhdləri ilə uyğunlaşdırmaq istəyəndə isə Azərbaycan buna qarşı çıxır. Eynilə Rusiya da vasitəçi kimi danışıqlarda görünməyə həvəslidir. Eyni məntiq Fransa da hakimdir. Bu isə Azərbaycana qarşı ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunu dirçəltməkdə cəhdidir. Təbii ki, Azərbaycan həqiqi sülh üçün təşəbbüskarlıq göstərənlərlə müzakirələrə açıqdır, amma təşəbbüskarlar ambisiyalı moderatorluq niyyətlərin baş qaldırmasından uzaqda dayanmalıdırlar”.

Turan Rzayev
Globalinfo.az