***25.05.26 16:45
Milli Məclisin deputatı Günay Ağamalının uşaqpulu ilə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. O, efirdə “uşaqpulu tənbəllik yarada bilər” və “dövlət uşaqpulu versə, valideynlər işləməyəcək, ailədə atanın işləməsi kifayət edəcək” kimi fikirlər səsləndirib. Bu yanaşma sosial mediada – ictimai rəydə ciddi tənqid olunub və geniş rezonans doğurub. Bu rezonansın əsas səbəbi isə məsələyə qeyri-peşəkar yanaşnadır.
Bu müzakirələr fonunda Azərbaycanda uşaqpulu və ümumilikdə uşaqların sosial müdafiəsi siyasətinə daha geniş baxış zərurəti yaranır. Müasir sosial dövlətlərdə uşaq müavinətləri iqtisadi davranışı tənzimləmək vasitəsi kimi deyil, sosial bərabərliyi təmin edən əsas alətlərdən biri kimi qəbul olunur. Yəni bu ödənişlərin məqsədi valideynləri işləməkdən çəkindirmək deyil, uşaqların minimum rifahını təmin etmək və yoxsulluq riskini azaltmaqdır.
Dünyada uşaq müavinətləri adətən dörd əsas istiqamət üzrə formalaşır: imtiyazlara əsaslanan dəstək (məsələn, şəhid və ya qazi ailələri), əlilliyi olan uşaqlar üçün müavinətlər, aztəminatlı ailələrə yönəlmiş yardımlar və demoqrafik məqsəd daşıyan universal uşaqpulu sistemi. Bir çox ölkələrdə bu dördüncü istiqamət də tətbiq olunur və bütün uşaqları əhatə edir. Azərbaycanda isə sistem daha çox ilk üç kateqoriyaya əsaslanır və universal uşaqpulu mexanizmi mövcud deyil.
Ölkədə 18 yaşadək uşaqların sayı təxminən 2,6 milyon nəfərdir. Mövcud sosial müdafiə mexanizmləri isə bu uşaqların hamısını deyil, əsasən həssas qrupları əhatə edir. Müxtəlif sosial proqramlar və müavinətlər vasitəsilə təxminən 430 min uşaq maddi dövlət dəstəyi alır. Bu göstərici ümumi uşaqların təxminən 16-17 faizini təşkil edir ki, bu da sosial dövlət üçün xeyli aşağı səviyyə sayılır. Qalan uşaqlar isə əsasən təhsil, səhiyyə və digər universal xidmətlər vasitəsilə dolayı şəkildə dövlət dəstəyindən yararlanır.
Bu yanaşma Azərbaycanda sosial siyasətin daha çox ünvanlı xarakter daşıdığını göstərir. Yəni dövlət resursları bütün uşaqlara bərabər şəkildə deyil, daha çox ehtiyacı olan qruplara yönəldilir. Model olaraq bu sistem daha ədalətli görünsə də, əhatə dairəsinin darlığı sosial narazılıq yaradır. Məsələn, ünvanlı dövlət sosial yardıma çıxışın yumşaldılması ilə bu kateqoriyanın sayını bir neçə dəfə artıraraq sosial ədaləti bərpa etmək olar.
Yəni bu model müəyyən sosial risklərin qarşısının alınmasında effektiv olsa da, uşaqların sayını yetərincə əhatə etmədiyinə görə yardımdan kənarda qalan kifayət qədər həssas qruplara daxil olan uşaqlar var.
Müqayisəli baxış göstərir ki, bir sıra ölkələrdə uşaq müavinətləri daha geniş əhatəyə malikdir və əhalinin daha böyük hissəsini əhatə edir. Azərbaycanda isə mövcud sistem daha çox sosial risk qruplarına fokuslanıb.
Ümumilikdə bu kontekstdə səslənən fikirlər sosial siyasətin mahiyyətini daha çox fərdi davranış prizmasından qiymətləndirir. Halbuki uşaq müavinətləri bir çox ölkələrdə əmək motivasiyasını azaltmaq üçün deyil, sosial rifahı gücləndirmək və uşaqlar arasında bərabər imkanlar yaratmaq üçün tətbiq olunan əsas alətlərdən biridir. Azərbaycanda isə bu sahədə mövcud model daha çox məhdud və ünvanlı yanaşmaya əsaslanır. Bu da modelin əhatə dairəsi ilə bağlı müzakirələri aktuallaşdırır. Əslində ünvanlılıq təqdirəlayiq haldır, amma əhatə dairəsinin kiçik olması modelin səmərəlilik əmsalını aşağı çəkir.
Akif NƏSİRLİ