usaq usaqpulu 100manat 900x490 1

Azərbaycanda “uşaqpulu” verilməsi tələbi illərdir gündəmdən düşməyən müzakirə mövzusudur. Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalının ARB TV-də yayımlanan “Günə doğru” verilişində dedikləri, eləcə də Real TV-nin rəhbəri Mir Şahin Ağayevin fikirləri ilə məsələ yenidən aktuallıq qazanıb.

Nə Günay Ağamalını, nə də Mir Şahin Ağayevi tənqid etmək fikrim var. Çünki onların dedikləri subyektiv yanaşmadır. Cəmiyyətdə hamı eyni şeyi təkrarlamağa məcbur deyil. Xüsusilə bir insanın dediklərinə görə təhqir edilməsini doğru saymıram. Bunun yerinə təkliflər vermək daha sivil yanaşmadır.

Müşahidələrimdən gəldiyim nəticə budur ki, ölkəmizdə uşaqpulunun nə olduğunu, nə üçün verildiyini bir çoxları bilmir. Bir çox insan bu məsələni araşdırmadığı kimi, müəyyən qüvvələrin manipulyativ fikirləri ilə yanlış məlumatlandırılır.

Bilinənin əksinə, uşaqpulu dediyimiz sosial ödənişi hər ölkə vermir. Daha dəqiq desək, demoqrafik artımın olmadığı ölkələrdə dövlət ailələrin uşaq dünyaya gətirməsi üçün belə təşviqat addımları atır. Özü də hər ölkədə bu eyni olmur. Məsələn, Almaniya, Fransa, İsveç, Norveç və digər Avropa dövlətləri ailələri daha çox uşaq sahibi olmağa həvəsləndirməyə çalışır.

Yaponiya isə illərdir aşağı doğum səviyyəsinin nəticələrini yaşayır. Ölkədə əhali sürətlə qocalır və işçi qüvvəsi azalır. Buna görə dövlət həm ailələrə maliyyə dəstəyi verir, həm də regionlara köçən gənc ailələr üçün xüsusi proqramlar hazırlayır.

Macarıstan isə daha sərt demoqrafik təşviq modelinə keçib. Çoxuşaqlı ailələr üçün vergi güzəştləri, subsidiyalar və müxtəlif sosial paketlər tətbiq edilir.

Metodlar fərqli olsa da məqsəd birdir. Yerli əhalinin sayını artırmaq. Dövlətlər bunu əslində təmənnasız da etmir. Bir çox ölkədə uşaqpulu humanitar jestdən çox, strateji demoqrafik və iqtisadi siyasətin bir hissəsidir. Dövlətlər bilir ki, bugünkü uşaq sabahın vergi ödəyicisi, işçisi, əsgəri, mühəndisi, həkimi və ümumiyyətlə sistemi ayaqda saxlayan vətəndaşı olacaq. Ona görə də ailəyə edilən dəstək müəyyən mənada gələcəyə qoyulan investisiyadır.

Azərbaycana gəldikdə isə ölkəmiz uzun illər yüksək doğum göstəricilərinə malik ölkə sayıldığı üçün bu problem kəskin hiss olunmurdu. Hətta “uşaqpulu”nun 2006-cı ildə ləğv edilməsinin əsas səbəbi məhz bu idi.

Lakin son illərdə Azərbaycanda da doğum səviyyəsində azalma müşahidə edilir. Şəhərləşmə, mənzil problemi və həyat xərclərinin artması gənclərin ya gec, ya da ümumiyyətlə evlənməməsinə, evlənənlərin isə 1, maksimum 2 uşaq dünyaya gətirməsinə səbəb olur. Bundan başqa, digər bir problem isə biruşaqlı ailələrdə oğlan uşaqlarına üstünlük verilməsidir. Yəni bu gün radikal şəkildə hiss edilməsə də, gələcək perspektivdə həm demoqrafik artım, həm də cins problemi ilə üzləşə bilərik.

Lakin bütün bunlara baxmayaraq, uşaq pulunun bərpasını uzunmüddətli perspektiv baxımından yetərli görmürəm. Əslində burada daha fərqli və strateji bir model təklif edirəm: klassik uşaq pulu sistemi əvəzinə “uşaq fondu” modeli yaradıla bilər.

Bu modelin qısa xülasəsi belədir. Uşaq doğulduğu gündən onun adına xüsusi hesab açılır, həmin hesaba həm valideynin rəsmi maaşından müəyyən faiz, həm də dövlət özünün müəyyən etdiyi miqdarda vəsait köçürür. Uşaq sayı çox, maaşı daha az və ya minimum əməkhaqqı həddində olan vətəndaşların maaşından faiz az tutula, dövlətin payına düşən hissə arta bilər. Əksinə, maaşı çox olan vətəndaşdan faiz daha çox tutula, dövlətin öhdəsinə düşün hissə azala bilər. Beləliklə, vəsait cari istehlak üçün deyil, uşağın gələcəyi üçün yığılmış olar.

Bu modelin əsas fərqi ondadır ki, klassik uşaq pulu modeli daha çox gündəlik xərcləri qarşılamağa yönəlir. Ailə həmin vəsaiti ərzağa, məktəbə, kommunal xərclərə və digər ehtiyaclara sərf edir. Pul dövriyyəyə daxil olur və qısa müddətdə təsirini itirir. Uşaq fondu modeli isə istehlak yox, kapital formalaşdırılması məntiqinə əsaslanacaq.

Məsələn, valideyn hər ay 20 manat yatırarsa, dövlət də əlavə olaraq 70-80 manat dəstək versə, 18 yaşına çatmış gəncin hesabında on minlərlə manat vəsait formalaşa bilər. Üstəlik, həmin vəsait illər ərzində investisiya mexanizmləri vasitəsilə artırılarsa, bu məbləğ daha ciddi kapitala çevrilə bilər.

Beləcə, bir gənc həyata sıfırdan başlamayacaq. Universitet təhsili, ilk evin ilkin ödənişi, biznes qurmaq və ya peşə inkişafı üçün müəyyən baza kapitalının olması sosial və iqtisadi baxımdan böyük dəyişiklik yarada bilər. Xüsusilə Azərbaycanda gənclərin 18-25 yaş aralığında uzun müddət iqtisadi asılı vəziyyətdə qalması nəzərə alınarsa, bu model effekt verə bilər.

turan rzayev 1 900x720 1

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: