Zaporojye atom elektrik stansiyasında partlayışlar baş verib

Ukraynanın Zaporojye atom elektrik stansiyasının ətrafında şənbə günü axşam və bazar günü səhər yenə güclü partlayışlar baş verib. BMT bununla stansiyada nisbi sakitlik dövrünün qəfil bitdiyini bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin Zaporijyada komandası stansiyada bəzi binalar, sistemlər və avadanlıqların zədələndiyini, lakin bunların heç birinin nüvə təhlükəsizliyinə təhdid yaratmadığını bildirib. Ölən və yaralananlar barədə məlumat verilməyib.

Agentlik atom elektrik stansiyasının atəşə tutulmasını pisləyərək, bu kimi hücumların böyük nüvə fəlakətinə səbəb ola biləcəyini vurğulayıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Mariano Qrossi bazar günü verdiyi açıqlamada partlayışların nüvə qəzasının qarşısını almaq üçün təcili tədbirlər görməyin zəruriliyini bir daha vurğuladığını bildirib.

“Dünən və bu gün səhər komandamızdan gələn xəbərlər son dərəcə narahatedicidir,” Qrossi deyib. “Bu böyük atom elektrik stansiyasının ərazisində partlayışlar baş verib. Bu da tamamilə yolverilməzdir. Bunun arxasında kim dayanırsa, dərhal dayanmalıdır. Mən dəfələrlə demişəm, siz odla oynayırsınız!” o əlavə edib.

Qrossi münaqişədə hər iki tərəfə Zaporojye AES ətrafında nüvə təhlükəsizliyi zonasının yaradılması barədə razılığa gəlmək və bunu mümkün qədər tez bir zamanda tətbiq etmək haqda müraciətini bir daha təkrarlayıb. O, son aylarda belə bir zonanın yaradılması ilə bağlı Ukrayna və Rusiya ilə intensiv məsləhətləşmələr aparıb, lakin hələlik razılıq əldə olunmayıb.

Rusiyanın Ukraynaya qarşı təcavüzü başlamazdan əvvəl Zaporojye AES Ukraynada elektrik enerjisinin təxminən beşdə birini təmin edirdi və o vaxtdan sonra stansiya bir neçə dəfə ehtiyat generatorları ilə işləməli olub.

Hazırda reaktorlar bağlanıb, lakin soyutma sistemlərində elektrik enerjisinin kəsilməsi zamanı nüvə yanacağının həddindən artıq qızması riski mövcuddur. Atışmalar nəticəsində stansiyada elektrik xətləri bir neçə kəsilib.

Mənbə: Amerikanın Səsi