Xankəndidən qaçıb, İrəvanda ölən generalın qızı istintaqa çağırıldı

manvel qriqoryan yeni

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi general-leytenant Manvel Qriqoryanın qızı Naira Qriqoryanı dindirməyə çağıracaq.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Qriqoryan Armavir vilayətinin məhkəmələrindən birində vəzifə tutur. Bildirilir ki, İstintaq Komitəsinin məlumatına əsasən, Qriqoryanın köməkçisi dələduzluqda iştirak etdiyinə görə həbs edilib: iş materiallarına görə, o, 2022-23-cü illərdə saxta pasportlar və nikah şəhadətnamələri, habelə etibarnamə və arayışlar hazırlayan cinayətkar qrupa yardım edib. Onların köməyi ilə cinayətkarlar Eçmiədzində üç və İrəvanda bir mənzili mənimsəyiblər ki, bu mənzillər əsasən varisləri olmayan tənha qocalara məxsus olub. Cinayətkarlar daha sonra mənimsənilən mənzilləri satıblar.

Məlumata görə, Naira Qriqoryanla bağlı epizod ayrıca baxılmaq üçün işdən ayrılıb və o, tezliklə dindirilməyə çağırılacaq.

Qeyd edək ki, Manvel Qriqoryan mülki azərbaycanlılara qarşı qətliamlar həyata keçirməsi ilə tanınırdı. O, 44 günlük savaş zamanı Xankəndiyə gəlsə də, Azərbaycan Ordusunun ardıcıl qələbələrini eşidərək, insult keçirmiş və xərəkdə İrəvana qaytarılmışdı. Ermənistanın kapitulyasiyasından az sonra – 2020-ci ilin 19 noyabrında İrəvanda öldü. 2021-ci ilin yanvarında isə onun məzarına gedən doğmaları qəbrin açıldığını, qatilin meyitinin çıxarılaraq, yaxınlığa atıldığını görmüşdülər.

Onun barəsində cinayət işi 44 günlük savaşdan öncə başlamışdı. Prokurorluq onun bütün əmlakı üzərinə həbs qoymuşdu. 2023-cü ildə isə hökm oxundu. Hökmə əsasən, Qriqoryanın (ölümündən sonra) külli miqdarda əmlakı müsadirə edildi.