Kiyev Qarabağda olmuş məşhur komandirin taktikasına keçdi

“Müharibə Rusiya ərazisinə keçib: Ukrayna ilə sərhədə yaxın Belqorod şəhəri ətrafında döyüşlər, Moskva səmasında isə Kiyevə məxsus savaş dronları qeydə alınıb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, müharibənin gedişində Rusiya neftayrıma zavodlarında müəmmalı partlayışlar da baş verə bilər:

“Rusiya Ukraynaya qarşı bir ildən çoxdur işğalçı müharibə aparır, minlərlə günahsız insan həlak olub, şəhərlər dağıdılıb, paytaxt Kiyev tez-tez raket atəşinə tutulur. Buna cavab olaraq Ukrayna müharibəni tədricən Rusiya ərazisinə keçirməyə çalışır.

Bu, Kiyevin Rusiya cəmiyyətinə mesajıdır ki, işğalçı müharibəni davam etdirdiyiniz halda sizin də rahat həyatınız pozulacaq. Bir növ, Birinci Çeçenistan savaşında çeçen mücahidlərin əks-həmlələrinə bənzəyir. Çeçenistan şəhər və kəndlərinin dağıdılmasına, minlərlə dinc sakinin qətlinə cavab olaraq çeçen mücahid Şamil Basayev Rusiyanın Budyonovks şəhərinə hücum əməliyyatına baş vurmuşdu. Ukrayna çeçen mücahidlərinin o vaxt həyata keçirdiyi strategiyadan istifadə edir”.

Xatırladaq ki, Çeçenistanın əfsanəvi səhra komandiri Şamil Basayev Birinci Qarabağ müharibəsində Azərbaycan ordusuna dəstək verib. Basayevin qısa müddət də olsa, bu döyüşlərdə iştirakı ilə bağlı iddialar var.

Turan Rzayev
Globalinfo.az