Putin nuve 1

Son günlər Ukrayna dronlarının Rusiyanın paytaxtı Moskvaya ciddi zərbələr endirməsi müharibənin gələcəyi ilə bağlı yeni suallar yaradıb. Artıq Ukrayna Prezidenti Volodimir Zelenski də Rusiyaya çağırış edərək, müharibəni bitirməyin zəruri olduğunu deyib.

Dron hücumları Rusiyanı nələrə məcbur edəcək? Rusiya Prezidenti Vladimir Putin geri çəkiləcək, yoxsa daha radikal addımlara gedəcək? Onun taktiki nüvə raketlərinə əl atması mümkündür?

Globalinfo.az-a danışan politoloq Sahil Kərimli deyib ki, Moskvaya son dron hücumları müharibə dövründə Rusiyaya vurulan ən ciddi zərbələrdəndir:

“Bu, müharibənin daha aktiv və təhlükəli mərhələyə keçdiyini göstərir. Moskvada neft emalı və neft məhsulları istehsalı ilə məşğul olan obyektlərdən birinin vurulması, eləcə də insanların təhlükə və təşviş içində qalması baş verən hadisələrin miqyasını və risk səviyyəsini bir daha ortaya qoyur. Görünən odur ki, Ukrayna geri çəkilmək niyyətində deyil. Bir tərəfdən Rusiya ərazisinə hərbi zərbələri intensivləşdirir, digər tərəfdən Vladimir Putinə atəşkəs təklifi irəli sürür.

Sahil Kerimli 111 900x559 1

Sahil Kərimli

Rusiyanın bu mərhələdə atəşkəsə razılıq verməsi ehtimalı azdır. Hesab edirəm ki, Moskva və ətrafına endirilən bu zərbələr Rusiyanı geri çəkilməyə məcbur etməyəcək. Əksinə, Kreml buna cavab olaraq Ukraynaya qarşı daha genişmiqyaslı və daha ağır hərbi əməliyyatlara əl ata bilər”.

S.Kərimli deyib ki, müharibə boyu Rusiya rəhbərliyi dəfələrlə nüvə silahı ilə bağlı sərt ritorikadan istifadə edib:

“Son günlər bəzi iddialar səslənir ki, taktiki nüvə silahlarının tətbiqi ilə bağlı müxtəlif ssenarilər müzakirə olunur. Lakin bu cür məlumatların rəsmi şəkildə təsdiqlənmədiyini də nəzərə almaq lazımdır. Ümumilikdə isə proseslərin gedişi onu göstərir ki, Ukraynanın Rusiyaya endirdiyi hər yeni zərbə Rusiyanın daha sərt cavab tədbirləri ilə nəticələnir. Mövcud vəziyyətə əsasən demək olar ki, yaxın perspektivdə Rusiyanın atəşkəsə razılaşmasından daha çox, hərbi əməliyyatların miqyasını genişləndirməsi və Ukraynaya qarşı daha ağır zərbələr endirməsi ehtimalı yüksək görünür”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: