Üçtərəfli bəyanatın imzalanmasından 2 il ötür – şərtlər hələ də yerinə yetirilməyib

İkinci Qarabağ müharibəsini yekunlaşdıran üçtərəfli bəyanatın imzalanmasından iki il ötür.

10 noyabr üçtərəfli bəyanatı 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Ermənistanın İkinci Qarabağ müharibəsinin gedişində təslim olmasının ardınca imzalanıb. Sənəd münaqişənin həllinə dair bir sıra məsələləri əhatə edir.

Ekspertlər Globalinfo.az üçün üçtərəfli bəyanatın icrasının effektivliyini dəyərləndiriblər.

 

Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, üçtərəfli bəyanat 44 günlük müharibədən sonra bu günə qədər ehtiyatlı və ya kövrək sülhün qorunması üçün mühüm hüquqi sənəddir və yüksək qiymələndirilməlidir:

“Bu bəyanat 44 günlük müharibəyə son qoydu və sonrakı mərhələdə uzunmüddətli sülhün yaranması üçün Azərbaycanın lehinə şərtlər formalaşdırmış oldu. 9 bənddən ibarət olan üçtərəfli bəyanatın hər bir bəndi Azərbaycanın lehinədir.

Çox təəssüf ki, post-müharibə mərhələsinin ikinci ilini artıq başa vursaq da, üçtərəfli bəyanatın tələblərinin çox əhəmiyyətli bir qismi yerinə yetirilməyib. Bunlar 9-cu və 4-cü bəndlərdir”.

Deputat üçtərəfli bəyanatın hüquqi baxımdan təmamən yerinə yetirilməsinin zərurətini vurğulayıb:

“Bəyannamə imzalandıqdan iyirmi gün müddətində Azərbaycanın üç rayonu – Kəlbəcər, Laçın və Ağdam rayonları savaşsız işğaldan azad edildi. Bu çox mühüm bir hadisə idi. Ermənilər həmin dövrdən istifadə edərək bizim ərazilərimizə minalar basdırdılar və onun əziyyətini bu gün də çəkməkdəyik.

Bəyannamənin 4-cü bəndinə əsasən, sülhməramlıların Azərbaycana yerləşdirilməsinə paralel olaraq erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması yerinə yetirilməyib. Bu da çox təhlükəlidir, hətta təhdidedicidir. Nə qədər ki, bizim ərazimizdə Azərbaycanın suveren hüquqlarından kənar hərbi birləşmələr var, bu bizim və bütövlükdə regionda sülhün təhlükəsizliyini təhdid edən faktordur.

9-cu bənd isə kommunikasiyaların açılmasını nəzərdə tutur. Azərbaycanın qərb ərazilərinin Naxçıvanla maneəsiz nəqliyyat kommunikasiyasının təmin olunması ilə bağlı Ermənistanın götürdüyü öhdəlik yerinə yetirilməyib”.

H.Babaoğlu bildirib ki, Azərbaycan ötən müddətdə Soçi, Moskva və Brüsseldə aparılan danışıqlarda üçtərəfli bəyanatın bu iki bəndinin yerinə yetirilməsi ilə bağlı məsələni aktuallaşdırıb. Ancaq çox təəssüf ki, bu tələblər Ermənistana təzyiqə çevrilmədiyinə görə hələ də yerinə yetirilmir.

“Azərbaycan Prezidenti ən son Zəfər bayramı münasibətilə Şuşada səsləndirdiyi fikirlərdə qeyd etdi ki, bizim səbrimiz tükənməz deyil və biz üçtərəfli bəyanatın bütün bəndlərinin yerinə yetirilməsini istəyirik.

Üçtərəfli bəyanatın icrası ilə bağlı mexanizmlərin yaradılması və ya sürətləndirilməsilə bağlı Azərbaycanın artıq özünəməxsus tətbiq etdiyi alətlər var. Biz ötən dövrdə həyata keçirilən hərbi əməliyyatlarda bunun şahidi olmuşuq”, – deyə o qeyd edib.

Politoloq Yeganə Hacıyeva üçtərəfli bəyanatın imzalanmasının iki ilini kafi dəyərləndirib:

“Bəyanatın humanitar və təhlükəsizliklə bağlı ilkin şərtləri yerinə yetirilib. Bura Azərbaycanın Qarabağ ətrafı rayonlarının təhvil verilməsi və öldürülmüş əsgərlərin mübadiləsi və s. aiddir.

Razılaşmanın uğuru prosesin sürətləndirilməsilə bağlıdır, amma aradan keçən  vaxtlarda boşluq tapıb prosesə yenidən qoşulmağa çalışan kənar qüvvələrin öz xeyrinə dəyişmək cəhdlərini bir neçə aydır ki, açıq-aşkar izləməkdəyik”.

Politoloq bildirib ki, üçtərəfli razılaşma bu gün sülhə gedən yolda tənzimləyici tək formatdır.

“Delimitasiya, demarkasiya, kommunikasiya, erməni yaraqlılarının Azərbaycandan çıxarılması və s. məsələlər cüzi həyata keçirilib və ya heç yerinə yetirilməyib. Kommunikasiyalarla bağlı proses sürətləndirilməlidir. Digər məqam isə erməni yaraqlıların çıxarılmasıdır. Dünən Azərbaycan Prezidenti konkret olaraq mesaj verdi ki, ya o yaraqlılar özləri çıxacaq, ya da biz onları çıxaracayıq. Proses ikinci versiyanı daha ağlabatan edir. Bir-iki günlük qısa müddətli əməliyyatlarda hədəfli zərbələr nəticəsində onları oradan çıxarmağa məcbur edəcəyik”.

Yeganə Hacıyevanın sözlərinə görə, başqa bir format olmadığı üçün bu razılaşmanın pozulması müharibənin bitdiyi şərtləri pozur və bu region üçün daha geniş təhlükələr formalaşdırır. Azərbaycan isə bu ssenarinin hər ikisinə hazırdır.

Gülnar Səlimova
Globalinfo.az