Türkiyə və Azərbaycan diasporu erməni lobbisinə niyə uduzur? – Qaranlıq DETALLAR

ABŞ-dakı erməni lobbisi “Atatürk” serialının “Disney Plus” platformasında yayımlanmasına mane olduqdan sonra artıq hökumət səviyyəsində prosesə müdaxilə edilib. Hakim partiya üzvləri və xarici işlər nazirinin qarışdığı məsələ ilə bağlı isə Türkiyə cəmiyyətini bir məqam düşündürür. Uzun illədir Azərbaycanda müzakirə olunan güclü lobbi məsələsi hazırda qardaş ölkənin gündəminə çevrilib.

Bütün dünyada sayları Türkiyə, Azərbaycan və digər türk xalqlarından qat-qat az olan bir millətin bu qədər güclü lobbiyə sahib olması artıq Türkiyənin də araşdırdığı mövzudur.

Bəs Türk dünyası niyə bu sahədə erməni lobbisinə uduzur? Ümumi olaraq türk ölkələrinin xaricdəki fəaliyyəti, təşkilatlanmasının ermənilərdən qat-qat zəif olmasına səbəb nədir?

Bizlərdən sayca çox az olan ermənilərin lobbisi bu qədər güclü olduğu halda, niyə onlara bu mövzuda uduzuruq? Ümumi olaraq türk ölkələrinin xaricdəki fəaliyyəti, təşkilatlanmasının ermənilərdən zəif olmasına səbəb nədir?

Mövzunu Globalinfo.az-a dəyərləndirən politoloq Turab Rzayev bu məsələnin bir neçə səbəbə əsaslandığını deyib:

“Bəli, erməni lobbisi Qərbə yüz illər öncədən köç edib, təşkilatlanıb. Parlamentdə fərqli senatorlarla, qruplarla, konqresmenlərlə əlaqələri, təzyiq imkanları var. Həmçinin mediaya da təsir gücləri mövcuddur və bundan istifadə etməyi bacarırlar. Türkiyə və Azərbaycan isə diaspor fəaliyyətinə yeni başlayıb. Bir çox hallarda isə öz diaspor fəaliyyətimiz olmur və bunu yəhudi, ya da başqa ölkələrin lobbisi üzərindən həyata keçiririk. Yəni bizdə bu sahə zəifdir və çox iş görülməlidir. Etiraf etmək lazımdır ki, diaspor və lobbiçilik fəaliyyətimiz yetərli deyil”.

Politoloq ermənilərin Qərbdə əsas təsir dairələrinə yol tapmaqla lobbilərini gücləndirdiklərini söyləyib:

“Burada bir reallıq var. Qərbdə özlərini daha çox demokratik və ya liberal kimi xarakterizə edən, “liberal sol çevrələr” adlandırılan qruplar “qurban”, “məzlum” ədəbiyyatını çox sevirlər. Orada özünü bu cür məzlum göstərən xalqlar var, hansı ki, təzyiqə, işgəncələrə məruz qalamları ilə bağlı bir imic formalaşdırıblar. Bu xalqlar həmin liberal sol çevrədə özləri üçün bir müdafiə yaradırlar. Məsələn, Fələstin mövzusunda, yunanlarda və digər bir sıra etnik qruplarda buna şahid oluruq. Ermənilər də sözügedən çevrələrə yol tapıblar. Nəzərə alsaq ki, Qərbdə bütün akademik mühitdə 80-90 faiz liberal sol çevrələr fəaliyyət göstərir, ermənilərin də bura yol tapması qlobal medianın, institutların, araşdırma mərkəzlərinin onları müdafiə etməsinə səbəb olur. Onlar zamanında “məzlum xalq” imicini formalaşdıra və müdafiə edə biliblər”.

T.Rzayev bildirib ki, bəzi dövlətlər erməni lobbisindən təzyiq vasitəsi kimi istifadə edir:

“Belə olan halda isə onlar ilk olaraq “erməni soyqrımı” məsələsi üzərindən siyasət yürütməyə çalışırlar, çünki bu, onların yaratdığı imici möhkəmləndirir.

Həmçinin Qarabağ məsələsini çətinləşdirməyə çalışırlar. İstəyirlər ki, bu problem uzansın, insan haqları mövzuları aktuallaşsın. Nəticədə isə liberal çevrələr Qarabağda guya erməni əhalinin hüquqlarının pozulmasına qarşı mübarizə aparsın.

Bir çox hallarda ermənilərin bu addımları beynəlxalq güclərin, imperialist dövlətlərin maraqlarına xidmət edir. Məsələn, Fransa Azərbaycana təzyiq göstərmək istəyirsə, bunun üçün ermənilərdən istifadə edir. Beləliklə ermənilərin senatda Azərbaycan əleyhinə layihə müzakirəyə çıxarması Fransanı qane etmiş olur. Eyni şəkildə ABŞ Türkiyəyə Rusiya ilə yaxın münasibətlərinə, ya da hər hansı başqa səbəbə görə təzyiq etmək istəyir, bu zaman “erməni soyqırımı” məsələsini gündəmə gətirir. Bəzi hallarda erməni lobbiçiliyindən yararlanmaq istəyən dövlətlərin öz maraqları da üst-üstə düşür”.

Politoloq bu istiqamətdə görməli olduğumuz işləri sadalayıb:

“Əlbəttə bu məsələdə Azərbaycan dövlətinə, diaspor komitələrinə, Xarici İşlər Nazirliyinə, Azərbaycan cəmiyyətinə ciddi yük düşür. Lobbiçilik fəaliyyəti mütləq genişləndiirlməlidir. Qərbdə liberal sol çevrələrlə əlaqələr qurulmalı, həmin akademik çevrələrdə milli kadrlar yetişdirilməli, qlobal mediaya bir yol tapılmalı, diaspor komitələri azərbaycanlıları daha aktiv şəkildə birləşdirməlidirlər. Həmçinin yəhudi lobbisi ilə əlaqələr dərinləşdirilməlidir. Türkiyə ilə diaspor fəaliyyətlərimiz koordinasiya edilməlidir. Beləliklə bizim haqq səsimiz Qərbdə daha geniş yayılmalıdır. Əsas olan Qərb mediasına və akademik çevrələrə çıxışın təmin olunmasıdır”.

Ayşən Mustafa
Globalinfo.az