WhatsApp Image 2026 05 19 at 14.59.07

Son zamanlar Türkiyə mediası və sosial şəbəkələrində Azərbaycanın ən müxtəlif yollarla hədəfə alınması üçün açıq kampaniyaların aparılması, təəssüf ki, adət halını alıb. Bu isə əsasən İsraillə əlaqələr üzərindən həyata keçirilir.

Bakının Təl-Əvivlə münasibətlərindən hər hansı detal ortaya atılır, məsələ qabardılır, məqsədli şəkildə məzmun çərçivədən çıxarılır, yaxud həqiqəti əks etdirməyən məlumatlar yayılır. Bununla Azərbaycana qarşı bizə ən yaxın hesab etdiyimiz qardaş ölkə Türkiyənin ictimaiyyətində mənfi fikirlərin formalaşdırılmasına çalışılır. Məqsəd isə bəllidir. Belə ki, sürətlə inkişaf edən, xarici siyasət, iqtisadiyyat, ticarət, hərbi sənaye və ordu modelində bir-birinə daha sıx uyğunlaşan Bakı-Ankara münasibətlərinin pozulması mümkünsüzdür, kənar qüvvələrin belə bir təxribata gücü yetmir. Bu səbəbdən ən sadə şəkildə xalqların hədəf alınmasına və oyunların ictimaiyyət üzərindən qurulmasına çalışılır.

Hazırda Fələstin və Qəzza məsələsi Türkiyə ictimaiyyətində xüsusi həssaslıqla qarşılanır. Müəyyən dairələr məhz bu həssasiyyətdən istifadə edərək Azərbaycanın İsraillə tarixi köklərə malik əlaqələrini gündəmə gətirir və hədəfə çevirir. Musiqi, idman, ticarət, strateji və hərbi əməkdaşlıq kimi sahələrdə iki ölkənin əlaqələri tənqid olunur.

Elə son olaraq “Avroviziya 2026”da Azərbaycanın tamaşaçı səsverməsində ən yüksək xalın İsrailə getməsi də sözügedən dairələrin əlində yeni “silah”a çevrilib. Azərbaycanın münsiflər heyəti bu il 12 xalı İtaliyaya verdi, İsrail təmsilçisinin performansı isə 4 xalla qiymətləndirildi. Buna baxmayaraq, ölkədəki izləyicilər daha çox İsrailə səs veriblər. Bu məsələ isə Türkiyə ictimaiyyətində xüsusi gündəmə çevrilib, sərt tənqidlərin hədəfi olub.

Bəs niyə? “Avroviziya” musiqi yarışmasıdır, orada xallar ölkələrə deyil, onları təmsil edənlərin performansına verilir. Axı, Türkiyədə də bunun örnəyi var.

Türkiyənin qiymətləndirməsi

Məsələn, 2007-ci ildə Türkiyə rəsmi şəkildə ölkənin adından ən yüksək qiymətləndirmə olan 12 xalı Ermənistana verdi. Halbuki o zamanlarda Azərbaycanla Ermənistan arasında gərginlik pik həddə idi. Torpaqlarımızın işğaldan azad olunması üçün beynəlxalq səviyyədə çağırışlar edir, dünyanın diqqətini işğalçı ölkənin əməllərinə çəkməyə, başımıza gələnləri gündəmdə saxlamağa çalışırdıq. Ermənistan tez-tez atəşkəsi pozur, hərbçilərimiz şəhid olurdu.

2007-ci il, Türkiyənin Ermənistana 12 xal verdiyi açıqlanır

O vaxt Ermənistanda hakimiyyətdə olan “Qarabağ klanı”, Xocalı qatilləri kimi tanınan Köçəryan-Sərkisyan ikilisi ölkəmizi vaxtaşırı hədələyir, yeni əraziləri işğal edəcəklərini deyirdi. Belə şəraitdə Türkiyə bu ölkəyə 12 xal verdi.

Bəs Azərbaycan xalqı “Avroviziya” məsələsini necə qarşıladı? İçimizdə təəssüf hissi keçirdik, üzüldük, amma bunu Türkiyə əleyhinə kampaniyaya çevirmədik. Çünki biz bilirik ki, bu, həm də musiqi yarışmasıdır və bunu dramatikləşdirmək düzgün olmazdı.

Amma cəmi 1 il sonra Ermənistanın o zamankı prezidenti Serj Sərkisyan milli futbol komandaları arasında dostluq oyununu izləmək üçün Türkiyəyə getdi. Hətta o ərəfələrdə iki ölkə arasında sərhədlərin açılması məsələsi belə gündəmə gəldi. “Sürix protokolları” kimi tanınan sənədin imzalanması prosesinə başlanıldı. Bu prosesi aparanların əsl məqsədləri, niyyətləri onda da bəlli idi, indi də bəllidir. O zaman da İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın iradəsi və ictimai narazılıq qarşısında bu prosesi başlayanlar geri çəkilməli oldu.

Gələk indiyə. Türkiyə və İsrail arasında müharibə getmir. Gərginlik üçüncü ölkələr və ümumi regional məsələlər üzərindəndir. Bunu iki ölkə arasında regional mövqe və nüfuz savaşı da adlandıra bilərik. Ancaq “Avroviziya” kimi bir musiqi yarışı ilə bağlı, özü də faktı təhrif edərək Azərbaycana qarşı yeni kampaniyaya başlamaq bütün əndazələri aşmaqdır. Xüsusilə də nəzərə alsaq ki, digər ölkələrə yanaşmada bu cür “panik atak” yoxdur. Məsələn, aprel ayında İsrail Prezidenti İshaq Hersoqun başqa bir türk ölkəsi olan Qazaxıstana yüksək səviyyəli səfəri oldu. Maraqlıdır ki, bu detal Türkiyədə heç də rezonansa səbəb olmur, tənqid edilmir, qeyri-adi qarşılanmır. Normal siyasi proses kimi qiymətləndirilir. Əslində, belə də olmalıdır. Amma nədənsə Azərbaycanla bağlı istənilən məqam böyük səs-küyə səbəb olur, ya da süni şəkildə ajiotaj yaradılır.

AzərbaycanTürkiyə arasındakı münasibətlər hər hansı müsabiqələr, spekulyasiyalar, yalan məlumatlarla sarsılacaq qədər zəif deyil. İki ölkə illərlə məqsədli aparılan kampaniyalara qarşı birgə dirəniş göstərib. Bu, belə də davam edəcək.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: