“ABŞ Prezidenti Donald Tramp ilk rəhbərliyi dövründə Əfqanıstanla da nadir torpaq materialları mövzusunda razılıq əldə etmişdi. O zaman Kabil hökuməti Ağ Evin təklifinə razı olduqda, Əfqanıstan Talibana təslim edildi”.
Globalinfo.az xəbər verir ki, bunu ukraynalı analitik Vladislav Olençenko deyib.
Analitik Talibanın Əfqanıstanı ələ keçirməsinə görə Trampı ittiham edib:
“2017-ci ildə, hələ Donald Trampın ilk prezidentliyi dövründə Əfqanıstan Prezidenti Əşrəf Qani ilə Nyu-Yorkda görüşü baş tutdu. Orada bildirdilər ki, Amerika Geodeziya Xidməti Əfqanıstanda tədqiqat aparıb və çoxlu minerallar, xüsusən də nadir torpaq elementləri aşkar edib. Ağ Ev rəhbəri bu ehtiyatların trilyonlarla dəyərə sahib olduğunu bildirib və ABŞ-ın bu sərvətlərə çıxışının təmin edilməsinin vacibliyini vurğulayıb. Lakin Əfqanıstan hökuməti bu təkliflə razılaşdıqdan sonra Vaşinqton Talibana müraciət edib.
Əfqanıstan prezidenti mineralları işlətməyə hazır olduğunu dedikdən sonra Tramp Talibanla gizli danışıqlara başladı. 8 raund davam edən danışıqlar nəticəsində onlarla müqavilə imzalandı. Yekunda isə Əfqanıstan Talibana tam olaraq təslim edildi. Yəni ABŞ prezidentinin Ukraynaya yanaşması daha əvvəl Əfqanıstana olanla eynidir”.
Qeyd edək ki, Donald Tramp Ukraynanın Vaşinqtonun bu ölkəyə göndərdiyi silahlar və milyonlarla yardımları qarşılığında nadir minerallarla zəngin torpaq elementlərinin ABŞ-a verilməli olduğunu deyib. Buna görə Kiyevlə sazişin imzalanması üçün Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtona dəvət edilib. Lakin fevralın 28-də Ağ Evdə Tramp və Zelenski arasında yaşanan mübahisə nəticəsində Ukrayna prezidenti binanı tərk edib və nəzərdə tutulan saziş imzalanmayıb.
Ayşən Mustafa
Globalinfo.az