Tovuz rayonunun Aşağı Mülkülü kəndində yaşanan soğan böhranı əslində təkcə bir kəndin və ya bir məhsulun problemi deyil. Bu hadisə Azərbaycanın kənd təsərrüfatında illərdir yığılıb qalan struktur problemlərinin açıq nəticəsidir.
Minlərlə ton soğanın həyətlərdə, sahələrdə çürüməsi bazar iqtisadiyyatının təbii nəticəsi kimi təqdim oluna bilməz. Burada əsas məsələ bazarın özündən daha çox, bazarın idarə olunmaması, planlaşdırmanın zəifliyi və aqrar siyasətin koordinasiyasız qalmasıdır. Uzun illərdir fermerlər müəyyən məhsullar üzrə, xüsusilə soğan kimi gündəlik istehlak məhsullarında əsas gəliri ixrac hesabına əldə edirdilər. Xüsusilə Rusiya bazarı Azərbaycan fermeri üçün böyük və nisbətən sabit satış istiqaməti idi. Bu bazar zəiflədiyi anda isə sistemin nə qədər kövrək olduğu üzə çıxdı.
Çünki daxili bazar eyni anda bu qədər məhsulu qəbul etmək gücündə deyil. Nəticədə bazarda təklif həddindən ziyada artır, qiymətlər sürətlə düşür və fermer məhsulu maya dəyərindən aşağı satmağa məcbur qalır. Bəzi hallarda isə məhsul ümumiyyətlə satılmır və məhv olur.
Əslində problem daha dərindir. Azərbaycanda kənd təsərrüfatı böyük ölçüdə spontan və koordinasiyasız şəkildə idarə olunur. Fermerlərin böyük hissəsi hansı məhsulu əkəcəyini bazarın uzunmüddətli ehtiyacına və ya elmi proqnozlara görə deyil, əvvəlki ilin qiymətlərinə baxaraq müəyyənləşdirir. Bu baxımdan gələn il heç kim soğan əkməyəcək. Əgər bir il soğan baha satılıbsa, növbəti il yüzlərlə fermer eyni məhsulu əkir. Bunun nəticəsində bazarda süni bolluq yaranır və qiymət çökür. Bu proses illərdir müxtəlif məhsullarda təkrarlanır. Bir il pomidor, başqa il kartof, digər mövsümdə isə soğan və ya sarımsaq böhranı yaşanır. Çünki sistem bazarı əvvəlcədən tənzimləyə bilmir.
İnkişaf etmiş Avropa ölkələrində isə kənd təsərrüfatı tamamilə fərqli prinsiplərlə idarə olunur. Avropa İttifaqı daxilində fəaliyyət göstərən Ortaq Kənd Təsərrüfatı Siyasəti aqrar bazarı uzunmüddətli planlaşdırma əsasında tənzimləyir. Dövlət və aqrar institutlar hər il hansı məhsula nə qədər tələbat olacağını, hansı regionda hansı məhsulun daha səmərəli olduğunu, ixrac bazarlarındakı dəyişiklikləri, hava şəraiti risklərini və ehtiyat səviyyələrini əvvəlcədən hesablayır. Fermerlərə hansı məhsulun artıq riskli olduğu, hansı məhsula ehtiyac artdığı barədə məlumat verilir. Subsidiyalar və dövlət dəstəyi də buna uyğun dəyişdirilir. Əgər müəyyən məhsul üzrə artıq istehsal ehtimalı yaranırsa, dövlət alternativ məhsullara keçidi stimullaşdırır. Məqsəd bazarda kəskin qiymət dalğalanmasının qarşısını almaq və fermer gəlirlərini mümkün qədər sabit saxlamaqdır.
Məhz buna görə Avropada fermerlər uzun illər eyni sahə üzrə ixtisaslaşa bilirlər. Çünki bazarın sabitliyi müəyyən qədər dövlət tərəfindən qorunur. Fermer bilir ki, məhsulunu hansı intervalda sata biləcək, hansı risklərlə qarşılaşacaq və bazarda vəziyyət necə dəyişəcək. Azərbaycanda isə fermer məhsulu əkərkən gələcək bazar haqqında demək olar ki, heç bir sistemli məlumata malik olmur. Risk tamamilə onun üzərində qalır.
Niderland bunun ən uğurlu nümunələrindən biridir. Kiçik əraziyə malik olmasına baxmayaraq, Hollandiya dünyanın ən böyük kənd təsərrüfatı ixracatçılarından biridir. Bunun səbəbi torpaq bolluğu deyil, yüksək səviyyəli planlaşdırma və koordinasiyadır. Ölkədə əkin sahələri rəqəmsal sistemlərlə izlənilir, məhsuldarlıq proqnozları süni intellekt və meteoroloji modellərlə hesablanır, fermerlər kooperativlər daxilində fəaliyyət göstərirlər. Məhsul çox zaman əvvəlcədən bağlanan müqavilələrlə satılır. Logistika, soyuducu anbarlar və ixrac infrastrukturu vahid sistem kimi işləyir. Nəticədə bazarda xaos yaranmır.
Polşa və İspaniya kimi ölkələrdə də oxşar model tətbiq olunur. Kiçik fermerlər fərdi şəkildə bazara çıxmaq əvəzinə kooperativlərdə birləşirlər. Məhsul kollektiv şəkildə saxlanılır, çeşidlənir, emal edilir və ixrac olunur. Bu model həm qiymət sabitliyi yaradır, həm də fermerin bazar riskini azaldır.
Azərbaycanda isə kənd təsərrüfatı əsasən pərakəndə və fərdi şəkildə fəaliyyət göstərir. Fermer təkbaşına həm istehsal etməyə, həm məhsulu saxlamağa, həm alıcı tapmağa, həm də bazar riskini idarə etməyə çalışır. Halbuki bunlar bir nəfərlik təsərrüfatın imkanları daxilində olmayan məsələlərdir.
Problemin digər mühüm tərəfi soyuducu anbar və emal sənayesinin zəifliyidir. Azərbaycanda fermer məhsulu uzun müddət saxlaya bilmədiyi üçün bazara eyni anda çıxarmağa məcbur olur. Bu isə qiymətlərin sürətlə düşməsinə səbəb olur. Avropada isə artıq məhsul müxtəlif yollarla iqtisadi dövriyyəyə qaytarılır. Məhsul qurudulur, konservləşdirilir, dondurulur, toz halına gətirilir və ya emal sənayesinə yönləndirilir. Soğan kimi məhsulların qurudulmuş və ya emal edilmiş forması həm daha uzun müddət saxlanılır, həm də ixrac baxımından daha sərfəli olur. Azərbaycanda isə emal sənayesinin zəifliyi artıq məhsulun birbaşa itkiyə çevrilməsinə gətirib çıxarır.
Digər ciddi problem ixrac bazarlarının məhdud olmasıdır. Uzun illər ərzində Azərbaycanın kənd təsərrüfatı məhsulları əsasən Rusiya bazarına yönəlib. Bu asılılıq ilk baxışda rahat görünürdü, lakin bazar zəiflədikdə və ya siyasi-iqtisadi dəyişikliklər baş verdikdə bütün risk birbaşa fermerin üzərinə düşür. Buna görə yeni bazarların açılması həyati əhəmiyyət daşıyır. Körfəz ölkələri, Orta Asiya və Avropa bazarları istiqamətində dövlət səviyyəsində ticarət mexanizmləri qurulmalıdır. Fərdi fermerin təkbaşına xarici bazara çıxması praktiki olaraq mümkün deyil. Bu proses dövlət dəstəyi, kooperativlər və ixrac birlikləri vasitəsilə təşkil olunmalıdır.
Bu gün Aşağı Mülkülüdə çürüyən soğan əslində yalnız satılmayan məhsul deyil. Bu, planlaşdırılmamış və koordinasiyasız aqrar modelin nəticəsidir. Fermer nə soyuducu anbar qura bilər, nə emal zavodu aça bilər, nə də yeni ixrac bazarı tapa bilər. Bütün bunlar sistemli dövlət siyasəti tələb edir. Əgər aqrar sektor elmi proqnozlaşdırma, bazar analizi və koordinasiya əsasında idarə olunmasa, bu gün soğanda yaşanan böhran sabah başqa məhsullarda da təkrarlanacaq. Kənd təsərrüfatında davamlılıq yalnız torpaq və məhsuldarlıq məsələsi deyil. Bu, iqtisadi təhlükəsizlik, regionların sosial sabitliyi və ölkənin ərzaq təhlükəsizliyi məsələsidir.
Akif Nəsirli
Globalinfo.az