isa yussenko 1 scaled

Xəbər verdiyimiz kimi, ötən gün Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko Bakıda səfərdə olub. Səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Yuşşenko bəzi Azərbaycan siyasətçilərlə vaxtilə yaxın münasibətlərdə olub. Müsavat Partiyasının başqanı İsa Qəmbərlə Viktor Yuşşenko bir dövrlər yaxın olublar. İsa Qəmbər 2005-ci ilin əvvəllərində Yuşşenko prezident seçildikdən sonra onun andiçmə mərasimində iştirak etmək üçün Kiyevə gedən Azərbaycan müxalifət liderləri arasında olub. Həmin vaxt Yuşşenko ilə Müsavat rəhbərliyi arasında siyasi əlaqələr də inkişaf edirdi.

Bu səfər çərçivəsində iki siyasətçi arasında hər hansı görüş baş tutubmu?

Globalinfo.az-a danışan Müsavat Məclisinin sədri Arif Hacılı deyib ki, Yuşşenkonun son səfəri zamanı onunla İsa Qəmbər arasında hər hansı görüş olmayıb:

“Bu əlaqələr mövcuddur. Hələ 2000-ci illərin əvvəllərində GUAM proqramı var idi. Hansı ki, Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova respublikaları bu birlikdə təmsil olunurdu. Həmin dövrlərdə Ukrayna siyasi qüvvələri ilə yanaşı Mixail Saakaşvilinin timsalında Gürcüstan bəzi siyasi qüvvələri ilə Müsavat Partiyasının yaxşı əlaqələri var idi. Onlarla əməkdaşlıq edirdik.

arif hacili esas

Arif Hacılı

Bu çərçivədə vaxtilə Saakaşvili, Yuşşenko ilə İsa Qəmbərin və Müsavat Partiyasına daxil olan digər şəxslərin dəfələrlə görüşləri olub. Danışıqlar da daha çox GUAM birliyinin inkişaf etdirilməsi və əməkdaşlığın davamı ilə bağlı olub.

Daha sonra Türkiyənin də birliyə qoşulması və bunun TUGAM birliyi adlandırılması ilə bağlı təklif irəli sürmüşdük. Ukrayna ərazilərinin təhdid altında olduğu, GürcüstanAzərbaycan ərazilərinin işğal altında qaldığı dövrdə belə bir əməkdaşlıq mərkəzinin yaradılması məqsədəuyğun hesab edilmişdi”.

Qeyd edək ki, İsa Qəmbərlə Viktor Yuşşenko arasında siyasi əlaqələr təkcə GUAM çərçivəsi ilə məhdudlaşmayıb. Müsavatın arxiv materiallarında tərəflərin əməkdaşlıq haqqında saziş imzaladığı və münasibətlərin sonrakı illərdə də davam etdiyi qeyd olunur. Yuşşenko 2011-ci ildə Müsavat Partiyasının 100 illik yubileyi münasibətilə İsa Qəmbərə məktub göndərərək partiyanı təbrik edib və gələcəkdə də görüşmək, təcrübə və fikir mübadiləsi aparmaq arzusunu ifadə edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: