“İtaliya Avropanın böyük dövlətlərindən biridir və Azərbaycanın ilk strateji tərəfdaşlarından sayılır”.
Bunu Globalinfo.az-a deputat Aydın Hüseynov deyib.
O bildirib ki, son illərdə ölkə rəhbərləri arasında müntəzəm görüşlər iki dövlət arasındakı münasibətləri daha da gücləndirib:
“Prezident İlham Əliyevin İtaliyaya səfərləri, beynəlxalq platformalarda keçirilən görüşlər və İtaliyanın Baş naziri Corciya Meloninin Azərbaycana səfəri bunun açıq göstəricisidir. Meloninin Azərbaycana səfəri həm siyasi, həm də rəmzi baxımdan mühüm əhəmiyyət daşıyır. O, Ermənistanda keçirilən çoxtərəfli tədbirdən sonra Bakıya gəldi və bu addım Azərbaycanla əməkdaşlığa verilən xüsusi önəmi göstərdi. Bu səfər iki ölkə arasında dostluğun və strateji tərəfdaşlığın davamlı olduğunu bir daha təsdiqlədi”.
Aydın Hüseynov
Deputat qeyd edib ki, enerji sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biridir:
“Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. 2025-ci ildə Azərbaycan İtaliyaya 10 milyard kubmetr qaz ixrac edib. Ümumilikdə isə Cənub Qaz Dəhlizi vasitəsilə İtaliyaya 50 milyard kubmetrə yaxın qaz çatdırılıb. Eyni zamanda, Azərbaycan İtaliyanın əsas neft təchizatçılarından biridir. İqtisadi əməkdaşlıq da genişlənir. Ölkəmizdə həyata keçirilən bir çox layihələrdə İtaliya şirkətləri fəal iştirak edir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə, Mingəçevirdə və digər bölgələrdə bu şirkətlərin rolu böyükdür.
Hətta Zəfər muzeylərinin layihələndirilməsində də İtaliya mütəxəssisləri iştirak ediblər. Hərbi-texniki sahədə də əməkdaşlıq mövcuddur. Azərbaycan müdafiə nazirinin İtaliyaya səfəri və hərbi texnika, o cümlədən yük təyyarələrinin alınması bu sahədə əlaqələrin inkişaf etdiyini göstərir. Humanitar sahədə də münasibətlər güclənir. Azərbaycanda İtaliya universitetinin fəaliyyəti bunun bariz nümunəsidir. Burada artıq 500-dən çox tələbə təhsil alır. Bu isə təhsil və mədəniyyət sahəsində yeni imkanlar yaradır.
İtaliya Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əlaqələrinin inkişafında da mühüm rol oynayır. Bu ölkə Aİ daxilində Azərbaycanın ən yaxın tərəfdaşlarından biri hesab olunur. Ümumilikdə, iki ölkə rəhbərləri arasında olan dialoq bütün sahələrdə əməkdaşlığın genişlənməsinə müsbət təsir edir. Bu ilin əvvəlində hökumətlərarası komissiyanın iclasının keçirilməsi də əlaqələrin sistemli şəkildə inkişaf etdiyini göstərir. Demək olar ki, Meloninin Azərbaycana səfəri iki ölkə arasında münasibətləri daha da gücləndirəcək. Bu əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə yeni imkanlar açır”.
Ləman İmran
Globalinfo.az