“Belçika və Niderland parlamenti Azərbaycana qarşı qərəzli yanaşma nümayiş etdirdilər. Qətnamələrin manipulyativ məzmun daşıması və beynəlxalq hüququn prinsiplərinə selektiv, riyakar yanaşma sərgiləməsi açıq şəkildə qərəzli siyasi təzyiqin növbəti təzahürüdür”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Elçin Mirzəbəyli deyib.
“Sənədlərdə istinad edilən qeyri-dəqiq və təhrif olunmuş məlumatlar, eyni zamanda Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməsi ilə bağlı əsassız iddialar həmin qətnamələrin obyektivlikdən uzaq olduğunu göstərir.
Bu yanaşma sadəcə yanlış deyil, həm də sistemli şəkildə həyata keçirilən siyasi təhrif kimi qiymətləndirilməlidir. Belçika parlamenti guya regionda gərginlik və hərbi risklər barədə danışır.
Halbuki, bölgədəki reallıq tam fərqlidir. Son dövrlərdə Ermənistan-Azərbaycan sərhədində vəziyyət daha sabitdir və bu faktı Ermənistan rəsmiləri də müxtəlif açıqlamalarında etiraf edirlər”.
Deputat bildirib ki, bəzi dairələr süni təhlükə görüntüsü yaratmaqla sülh prosesinə mane olmağa çalışır:
“Bu tendensiya, eyni zamanda Ermənistandakı müşahidə missiyasının genişləndirilməsi ilə bağlı təşəbbüslərdə də özünü göstərir və bu, geosiyasi maraqların sülh gündəliyindən üstün tutulduğunu nümayiş etdirir.
Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişlər — xüsusilə sülh sazişi mətninin razılaşdırılması istiqamətində atılan addımlar — nəzərə alınmadan qətnamələrin qəbul edilməsi və Vaşinqton görüşünün nəticələrinin görməzlikdən gəlinməsi qəbuledilməzdir.
Milli Məclisin açıqlamasında da qeyd olunduğu kimi, bu cür sənədlər sülh danışıqlarının intensivləşdiyi, irəliləyişlərin müşahidə olunduğu bir dövrə təsadüf edir və bu, onların mahiyyətini açıq şəkildə ortaya qoyur”.
E.Mirzəbəyli qeyd edib ki, bu fəaliyyətlər sülh prosesinə kölgə salmaq, revanşist qüvvələri təşviq etmək və regionda yeni gərginlik ocaqları yaratmaq məqsədi daşıyır:
“Belçika siyasi dairələrinin və bəzi parlamentarilərin Azərbaycana qarşı yönəlmiş mövqeyi də bu tendensiyanın tərkib hissəsi kimi qiymətləndirilir.Avropa Şurası Parlament Assambleysanda Belçika parlamentarilərinin ölkəmizə qarşı keçirilən qarayaxma kampaniyalarında ön sıralarda yer alması, Belçika parlamentində Azərbaycanla dostluq qurupunun fəaliyyətinin dayandırılması da göstərir ki, bunlar planlı şəkildə qurulan fəaliyyətdir. Əgər qarşı tərəf əməkdaşlıq mexanizmlərini sıradan çıxarırsa, biz niyə bu formal çərçivələri qoruyub saxlamalıyıq? Təklif edirəm ki, Azərbaycan-Belçika parlamanetlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti dayandırılsın.
Safura Bənnayeva
Globalinfo.az