Xəbər verdiyimiz kimi, TikTok-da “Çevik” adı ilə tanınan Məqsəd Bağırov saxlanılıb. O, internetdə ictimai mənəviyyatı təhqir etmək, cəmiyyətə açıq hörmətsizlik, əxlaqsız ifadələrin səsləndirilməsində ittiham olunub və 10 sutka cəza verilib. Lakin onun saxlanılmasına cəmiyyətdə reaksiya müxtəlifdir. Bir qisim islam dinini təhqir etdiyini deyərək Bağırovu günahlandırır. Digər qisim sadəcə ateist olduğunu və bu istiqamətdə fikirlər səsləndirdiyini, günahının olmadığını bildirir.
O, həqiqətən dini təhqir edib? Belədirsə, 10 sutka həbsdən sonra onun internetdə fəaliyyəti ilə bağlı əlavə tədbir görülə bilərmi?
Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, qanun və məhkəmə qarşısında hər kəs bərabərdir:
“Heç kəs dini baxışına, siyasi mövqeyinə, cinsinə, irqinə və ya digər əlamətlərinə görə ayrı-seçkiliyə məruz qala bilməz. Qeyd etdiyiniz şəxslə bağlı ətraflı məlumatım yoxdur. Eşitdiyim məlumatlara əsasən, o, öz fikirlərini mütləq doğru hesab edir və digər insanların da bunları qəbul etməli olduğunu düşünür. Eyni zamanda, sosial şəbəkələrdə öz dünyagörüşünü və inancını təbliğ edir. Ateizm də nəticə etibarilə bir dünyagörüşü və inanc sistemidir. Azərbaycanda isə vicdan və dini etiqad azadlığı qanunla qorunur. Hər bir şəxs ictimai mənəviyyata zidd olmayan şəkildə öz dini və ya dünyagörüşünü sərbəst yaşamaq və təbliğ etmək hüququna malikdir. Lakin bu hüquq digər insanların dini etiqadını təhqir etmək və ya alçaltmaq hüququ vermir. İddialara görə, həmin şəxs sosial şəbəkələrdə, xüsusilə canlı yayımlar zamanı islam dininə mənsub insanları təhqir edir, onların dini inanclarını və dini dəyərlərini məsxərəyə qoyan ifadələr işlədir. Belə davranışlar cəmiyyətdə ciddi narazılıq və gərginlik yarada bilər”.

Ramil Süleymanov
Vəkil hesab edir ki, şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış olsa belə, onun hüquqlarına tam hörmətlə yanaşılmalıdır:
“Hüquqi dövlətin əsas prinsiplərindən biri ondan ibarətdir ki, hər kəsin hüquqları təmin edilməli, müdafiə hüququ qorunmalıdır. Məncə, burada şəxsin əməllərini deyil, onun qanunla təmin edilmiş hüquqlarını müdafiə etmək daha düzgün hüquqi yanaşmadır”.
Hüquqi məsuliyyət məsələsinə gəldikdə isə, Ramil Süleymanov bildirib ki, əgər şəxsin davranışında ictimai qaydanın pozulması və ya ictimai mənəviyyata zidd hərəkətlər əlamətləri varsa, bu zaman qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət məsələsi qiymətləndirilə bilər:
“Məsələn, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıqla bağlıdır və ictimai asayişi pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə görə məsuliyyət müəyyən edir. Konkret əməlin həmin maddənin tərkibini yaradıb-yaratmaması isə bütün halların araşdırılmasından sonra hüquq-mühafizə orqanları və məhkəmə tərəfindən müəyyən edilməlidir”.
Zaira Akifqızı
Globalinfo.az