Ukrayna Prezidenti Volodimir Zelenski dekabrda Mayamidə keçiriləcək G20 sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu deyib.
Kremlin sözçüsü Dmitri Peskov isə G20 sammiti çərçivəsində liderlər arasında görüşün keçirilməsinin mümkün olmadığını bildirib.
Belə bir görüş Rusiya–Ukrayna müharibəsinin həllinə dair yeni imkan yarada bilər?
Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, burada iki məqama diqqət etmək lazımdır:
“Birincisi, Vladimir Putinin G20 sammitinə qatılıb-qatılmayacağı məlum deyil. Bu görüş ABŞ-da baş tutacaq və ümumiyyətlə, görüşə qatılacaq bir çox ölkə ilə ABŞ-ın münasibətləri elə də yaxşı deyil. Əvvəlki G20 sammitində Putinin tək qaldığını, digər liderlərdən ayrı dayandığını müşahidə etdik.
Eyni zamanda, Putin bir dəfə Alyaskada Trampla görüşüb, amma Mayamiyə səfərini aşağı ehtimallı görürəm. Tramp-Putin görüşü elə də bəsit bir görüş deyil, kifayət qədər uzun zaman lazımdır. Təhlükəsizlik mövzusu hazırda daha çox düşünülən məsələdir.
O ki qaldı Putinin bu sammitə qatılmasına, belə olan halda, o, mütləq ABŞ prezidenti ilə görüşəcək və eyni zamanda Zelenski ilə də görüşməli olacaq. Bu da çətindir, çünki Zelenski belə görüşü, əslində, hələlik istəmir. Ona görə düşünürəm ki, bu açıqlama Ukrayna prezidenti bu açıqlamanı ənənəvi olaraq diqqət çəkmək məqsədi ilə verib”.
Turan Rzayev
Globalinfo.az