Tiflis Bakı ilə İrəvanı uzlaşdıra biləcək – Şərh

“Gürcüstan uzun müddətdir ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında vasitəçi olmaq istəyir. Rəsmi Tiflis bu barədə bir sıra təkliflər də irəli sürüb”.

Bu sözləri Globalinfo.az-a politoloq İlyas Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanda Ermənistanla sülh danışıqlarına hazır olduğunu bildirməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tiflisdə keçirilən görüşü münasibətlərin normallaşmasında yeni mərhələ kimi qiymətləndirilmişdi:

“Bu həm də ali səviyyədə görüşün keçirilməsi üçün də ilkin təmas idi. Bu baxımdan cənab prezidentin Gürcüstana səfərində səsləndirdiyi fikirlər olduqca vacib idi.

İlyas Hüseynov

Aydın məsələdir ki, Gürcüstan Brüssel və ya Vaşinqton qədər geosiyasi nüfuza, təsirə malik deyil. Yəni əslində bu təmas belə özlüyündə Qərb formalarında keçirilən görüşlərin tərkib hissəsidir.

Gürcüstan bu günə qədər minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsində vasitəçi olub. Düzdür, sonradan bu xəritələrin yanlış olduğu üzə çıxsa da nəticə etibarilə burada Tiflisin günahı yox idi.

Hazırkı reallıqlar çərçivəsində Tiflisin vasitəçiliyi ilə keçiriləcək görüşlər təşəbbüs kimi müsbətdir. Dəyərləndirmək, şans vermək olar”.

Turan Rzayev
Globalinfo.az