Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən təxribat xarakterli şəkillər yerləşdirilib. Azərbaycan Xarici İşlər Nazirliyi də insidenti kəskin şəkildə pisləyib və Rusiya tərəfini hadisəyə hüquqi qiymət verməyə çağırıb.
Ümumiyyətlə, Azərbaycanın Rusiya ilə hər hansı problemi yoxdur. Bakı münasibətlərin qarşılıqlı hörmət və praqmatik əməkdaşlıq əsasında davam etdirilməsində maraqlıdır. Azərbaycanın Rusiya-Ukrayna müharibəsinə yanaşması da prinsipial və birmənalıdır. Bakı bu müharibəni işğal xarakterli müharibə kimi qiymətləndirir və Ukraynanın ərazi bütövlüyünü, beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyini dəstəkləyir. Bununla belə, Azərbaycan Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalara qoşulmayıb, Qərbin bu ölkəyə təzyiq siyasətinin iştirakçısına çevrilməyib.
Əslində, Azərbaycanın bu siyasəti həm Moskva, həm də Kiyev üçün kifayət qədər aydın mesajdır: Bakı tərəflərdən birinin siyasi düşməni olmaq niyyətində deyil. Azərbaycan əksinə, münasibətlərin normallaşdırılması və qarşılıqlı anlaşmanın əldə olunması üçün etibarlı dialoq platforması rolunu oynamağa hazırdır.
Lakin Bakının bütün bu yanaşmasına və xoş niyyətinə baxmayaraq, Rusiyada Azərbaycana qarşı təxribat xarakterli addımların ardı-arası kəsilmir.
Elə Azərbaycan XİN-in son bəyanatında da bu məqam xüsusi vurğulanıb. Nazirlik bildirib ki, hadisənin Bakı-Moskva münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etməsilə yanaşı, son dövrlərdə Rusiyanın bir sıra media resurslarında Azərbaycana qarşı aparılan qərəzli kampaniyanın tərkib hissəsi olması istisna deyil.
Bu, kifayət qədər ciddi mesajdır.
Çünki söhbət yalnız bir neçə naməlum şəxsin hazırladığı plakat və ya şəkillərdən getmir. Problem ondan ibarətdir ki, belə təxribatlar Azərbaycana qarşı aqressiv ritorikanın gücləndiyi bir informasiya mühitində baş verir. Əgər media məkanında bir ölkəyə qarşı davamlı şəkildə təhqiramiz və düşmənçilik ritorikası formalaşdırılırsa, bunun küçədə təxribat şəklində ortaya çıxması artıq təsadüfi hadisə kimi qiymətləndirilə bilməz.
Təbii ki, konkret insidentin təşkilatçıları və motivləri araşdırılmalıdır. Azərbaycan tərəfinin Rusiyadan tələbi də məhz budur: hadisəyə hüquqi qiymət verilsin, məsul şəxslər müəyyənləşdirilsin və belə halların təkrarlanmasının qarşısı alınsın.
Əslində, burada Azərbaycanın Rusiyadan gözləntisi heç də qeyri-adi deyil. Hadisə Rusiyanın paytaxtında, Azərbaycan diplomatik nümayəndəliyinə məxsus obyektin qarşısında baş verib. Diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi yerləşdiyi dövlətin birbaşa öhdəliyidir.
Azərbaycan XİN-in 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına istinad etməsi də məhz bununla bağlıdır. Bakı Moskvadan sadəcə “narahatlığımızı bölüşürük” tipli diplomatik açıqlama gözləmir. Azərbaycan konkret hüquqi tədbirlər görülməsini və bu cür təxribatların qarşısının alınmasını tələb edir.
İstisna deyil ki, Moskva əvvəlki bəzi hallarda olduğu kimi, məsələnin üzərindən ümumi ifadələrlə keçməyə və insidenti ayrı-ayrı şəxslərin hərəkəti kimi təqdim etməyə çalışsın. Lakin belə yanaşma problemin həlli deyil. Əksinə, hər dəfə bu cür hadisələrin cavabsız qalması yeni təxribatlar üçün zəmin yaradır.
Bakı öz milli maraqlarını qorumaq iqtidarında olan, regional proseslərdə çəkisi artan və müxtəlif güc mərkəzləri ilə müstəqil siyasət yürüdən dövlətdir. Azərbaycanın Rusiya ilə münasibətləri qorumaq istəyi də zəiflikdən irəli gəlmir. Əksinə, bu, Bakının öz maraqlarını anlayaraq məsuliyyətli və praqmatik siyasət yürütməsinin nəticəsidir.
Bakı münasibətlərin gərginləşməsində maraqlı deyil, amma bu, Rusiyada Azərbaycana qarşı istənilən təxribatın cavabsız qalacağı anlamına gəlmir. Azərbaycan öz ərazisində Rusiyanın diplomatik nümayəndəliyinə qarşı analoji təxribatlara imkan vermirsə, eyni məsuliyyəti Moskvadan da gözləməyə tam haqqı var.
Bu hadisədən sonra söz artıq Moskvanındır.
Rusiya ya Azərbaycanla münasibətlərdə qarşılıqlı hörmət prinsipinin həqiqətən işlədiyini nümayiş etdirəcək, ya da susqunluğu ilə son dövrdə yaranan narahatlıqları daha da dərinləşdirəcək.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı