Son zamanlar idman məşqçiləri ilə bağlı cinayət xarakterli qalmaqallar artmaqda davam edir. Bu hal ictimaiyyətdə, eləcə də övladını idman sahəsinə yönəltmək istəyən valideynlərdə haqlı narahatlıq doğurur.
Məsələn, ötən ilin aprel ayında Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilov 7 yaşlı tələbəsi Fərid Bakarovu amansızlıqla qətlə yetirmişdi. İki gün öncə isə tanınmış karate müəllimi Tərlan Cavadov yetkinlik yaşına çatmayan şəxslə cinsi münasibətdə şübhəli bilinərək saxlanılıb. Bunlar nədən xəbər verir?
Mövzu ilə bağlı Globaloinfo.az-a danışan idman jurnalisti Natiq Muxtarlının fikrincə, Azərbaycanda uşaqları idmana “Sağlam bədəndə sağlam ruh” olar prinsipi ilə qoymurlar.
Natiq Muxtarlı
Onun sözlərinə görə, bizdə uşaqları idmana “qolun zorlu olsun, başqalarını döy, qorxut” prinsipi ilə aparırlar:
“Beləcə, zəncirvari problemlər başlayır. O uşaqlar əvvəlcə öz yaşıdlarına güclərini göstərirlər. Sonra böyüyüb “razborka” ilə məşğul olurlar. Bəziləri də məşq zallarına yol tapır və orada zorakılıqlarını davam etdirirlər. Azərbaycanda idmana yanaşma qüsurludur. Həm valideynlər, həm də rəsmi qurumlar tərəfindən. Məşqçilərin azyaşlılara qarşı zorakılığı səngimir, günü-gündən artır. Sual yaranır: bu şəxslər məşq zallarına necə buraxılıblar? Onlara məşqçi lisenziyalarını kim verib? Bütün bunlara nəzarət hansı qurumdadır? Gənclər və İdman Nazirliyi hara baxır? Cinayət törədiləndən sonra rəsmi qurumlar açıqlama verirlər ki, həmin şəxs qanunsuz fəaliyyət göstərirmiş. Necə olur ki, bu müddət ərzində onun qanunsuz fəaliyyəti müəyyən edilməyib? Buna görə məsuliyyəti kim daşıyır? Görürsünüz nə qədər cavabsız suallar var? Bütün bunlar hamısı rəsmi qurumların öz işinin öhdəsindən gələ bilməməsinin göstəricisidir”.
N.Muxtarlı deyib ki, Gənclər və İdman Nazirliyi ölkənin idman siyasətini formalaşdıran qurum olsa da, işi bərbaddır:
“Məşq zalları təsadüfi, psixoloji problemləri olan məşqçilərlə doludur. Özü də az qala bütün idman növlərində. Bu problemlərdən nazirlik xəbərdardır, amma göz yumurlar. Cinayət olandan sonra isə “qanunsuz fəaliyyət göstərirmiş” bəhanəsi ilə məsuliyyətdən qurtulurlar. Əslində onlardan hesabat tələb edən də yoxdur. Bir növ cəzasızlıq mühiti formalaşıb. Belə mühitdə isə aqressiv, psixoloji problemli şəxslər rahatlıqla uşaqlarını məşq zallarına girirlər. Azərbaycanın idman təsərrüfatının sağlam ab-havaya, yenidən formalaşmasına, maariflənməsinə ehtiyac var. Gələcək cinayətlərin qarşısını almaq, idmanın “sağlam bədəndə sağlam ruh” formalaşdırdığı mühitin yaranması üçün bütün bunlar mütləq vacibdir. Hər şey idarəetməyə bağlıdır. İdarəetmə qeyri-peşəkardırsa, belə cinayətlər qaçılmazdır. Deməli, uşaqlarımız da daim təhlükə altındadırlar”.
Zaira Akifqızı