Tələbələrə ŞAD XƏBƏR: 300 manat verilə bilər – SƏBƏB

Təhsil Tələbə Kredit Fondunun şöbə rəisi Tehranağa Abdullayev bildirib ki, tələbələrin nəqliyyat və kirayə pulunun ödənilməsində yaşadıqları çətinliklərin aradan qaldırılması hədəflənir.

Təhsil eksperti Kamran Əsədov Globalinfo.az-a bildirib ki, ölkənin 50 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır və onun 100 minə qədəri ödənişli əsaslarla oxuyur:

“Təhsil Tələbə Kredit Fondu yarandığı gündən ali və orta təhsil müəssisələrində təhsil alanların təhsilhaqqını kredit formasında ödəyir. Həmin şəxslər krediti götürdükdən sonra təhsilini başa vurub işlədikdə həmin kreditlərin geri ödənmə prosesi başlayır. Onu da qeyd edək ki, təhsil aldığı müddətdə tələbənin akademik göstəriciləri yüksək olduqda həmin faizlər azalır, yaxud da ümumiyyətlə ödənişdən azad olunurlar. Bu da ali təhsilin əlçatanlığına müsbət təsir göstərir”.

O qeyd edib ki, Təhsil Tələbə Kredit Fondu yeni mexanizmə başlayıb:

Kamran Əsədov

“Kreditlər tələbələrin kirayə, nəqliyyat xərclərinin ödənməsi ilə bağlıdır. Bu, müsbət addımdır. Çünki bəzən ödənişsiz oxuyan tələbələrin ailələri də kirayəpulunu qarşılamaqda çətinlik çəkirlər. Təklif edirik ki, həmin mexanizm elektron qaydada olsun. Evlərini kirayə verən şəxslər də kirayə müqavilələri hazırlamalıdırlar.

Yaxşı olar ki, tələbələr hansı ərazidə kirayə ev axtarırlarsa, orada gözləmə mövqeyi qeyd edərək, uyğun ev tapsınlar. Ya da evini kirayə vermək istəyənlər portaldan keçib, növbədə dayanaraq müştəri gözləyə bilərlər.

Təklif edilir ki, kirayə üçün nəzərdə tutulmuş 200-300 manat tələbələrə birbaşa deyil, həmin portal üzrə kirayə verənin şəxsi hesabına köçürülsün. Bu, evini kirayə verən şəxslərə stabil gəlir imkanı da vəd edir. Qeyd edim ki, bu, kirayə bazarında müəyyən canlanmaya da səbəb olacaq”.

Safura Bənnayeva
Globalinfo.az