Tarixdə əbədi qalacaq Xankəndi futbol matçı

Xalqımız, eləcə də dünya ictimaiyyəti daha bir tarixi reallığın şahidi oldu. Dekabrın 21-də Xankəndi stadionunda Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, azərbaycanlı azarkeşlər, o cümlədən şəhid övladlarının iştirakı ilə futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirildi.  Bu oyunun məhz Xankəndidə keçirilməsi böyük əhəmiyyət kəsb edir. İlk növbədə, ona görə ki, ilk dəfədir işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilirdi. Bu unudulmaz hadisə Azərbaycan xalqının  hədsiz sevincinə səbəb oldu. Həm də ona görə qürurvericidir ki, bu yarış şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsidir. Otuz iki ildən sonra ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak edirdilər. Dünya ictimaiyyəti də şahid oldu ki, Qarabağ Azərbaycandır!

Globalinfo.az xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Xankəndidə keçirilmiş  Azərbaycan kubokunun 1/8 final mərhələsi haqqında danışarkən bildirib.

Komitə sədri deyib ki, Prezident İlham Əliyevin stadionda topa ilk toxunuşu həm tamaşaçılar, həm də futbolçular tərəfindən böyük rəğbətlə qarşılandı. Axı bu qürurverici tarixi hadisələri, unudulmaz günləri xalqımıza dövlətimizin başçısı bəxş edib. Üç il əvvəl Vətən müharibəsində qazandığımız tarixi qələbə, üç ay əvvəl isə sentyabrın 19-20-də  Qarabağda aparılan  bir günlük antirerror tədbiri nəticəsində Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bu şəhərlərdə Azərbaycan bayrağı ucaldıldı. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Ermənistanın 30 illik işğalına son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü tam bərpa  edildi. Futbol matçının Xankəndidə keçirilməsinin əhəmiyyəti odur ki, bura qədim Azərbaycan diyarıdır. 30 il ərzində Xankəndidə separatçılar yuva salmışdılar. Xankəndi şəhəri separatizmin mərkəzinə çevrilmişdi. Bu gün isə Xankəndidə, ümumiyyətlə işğaldan azad edilmiş Qarabağın bütün ərazilərində Azərbaycan bayrağı dalğalanır.

Ç.Qənizadə Prezident İlham Əliyevin Xankəndidə futbol matçından əvvəl çıxışına münasibət bildirərkən deyib ki, dövlət başçışı  Azərbaycan ordusunun  dünyanın ən güclülərindən olduğunu bir daha  bəyan etdi. Qeyd etdi ki, şanlı Azərbaycan ordusu Ermənistana, onun havadarlarına  və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibi Azərbaycan xalqıdır:

“Möhtərəm Prezidentimiz  Qarabağın azad olunmasını böyük tarixi hadisə adlandırdı və bu tarixın  qəlbimizdə əbədi yaşayacağını bildirdi. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər. Qarabağda aparılan quruculuq işləri barəsində məlumat verən ölkə başçısı  hazırda  Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq və abadlıq işləri aparıldığını diqqətə çatdırdı. Xankəndi stadionunda quruculuq və abadlıq işləri  cəmi iki ay ərzində  aparılmış, əsaslı təmir olunmuşdur. Separatizm simvollarını əks etdirən bütün yazılar tarixin zibilxanasına atıldı”.

Hüquq müdafiəçisi artıq  Ağdam şəhərindəki  “İmarət” stadionunun da yenidən inşa edilməsinin qərara alındığını bildirib. Vurğulayıb ki, dövlət başçısının çıxışındakı qürurverici hallardan biri də “Qarabağ” və Bakının MOİK  komandaları arasındakı oyunun nəticələrindən asılı olmayaraq, qalibin Azərbaycan xalqının, Azərbaycan dövlətinin olduğunu deməsidir.  Zəfərimizin mənbəyi Qarabağ–ordu-xalq birliyidir. Dövlət başçısı qətiyyətlə bildirdi ki, bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan bayrağı əbədi dalğalanacaq. Azərbaycanlılar bu torpaqlarda əbədi yaşayacaqlar!