Sülhməramlıların Qarabağdan çıxarılması üçün proses başladı – Azərbaycan ərazisində yad əsgər istəmir!

Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti üçün xüsusi “Yaddaş kitabçası” hazırlanıb. Bu həm də sülhməramlı kontingentin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarının hələ də uydurma erməni toponimləri ilə qeyd olunmasına verilən bir reaksiyadır.

Toponimlərdən başlayan narazılıq sülhməramlı kontingenti vaxtından əvvəl çıxarılması ilə nəticələnə bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, 10 noyabr bəyanatına görə Rusiya sülhməramlı kontingentinin Qarabağda qalma müddəti 5 ildir:

“Bu müddətin artıq iki ili arxada qalıb. Azərbaycan cəmiyyətində belə mövqe var ki, üç ildən sonra Rusiya sülhməramlıları bölgəni mütləq tərk edəcək. Prezident İlham Əliyev də çıxışlarında qeyd etdi ki, Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini uzatmaq fikri yoxdur.  Prezident onu da qeyd edib ki, ermənilər Rusiyaya arxayın olmasın.

Ümumiyyətlə 10 noyabr bəyanatının müvafiq bəndində qeyd edilir ki, sülhməramlıların müddətin bitməsinə 6 ay qalmış tərəflərdən biri müddətin uzadılması istiqamətində müraciət etməsə, kontingent Azərbaycan torpaqlarını tərk etməlidir. Rəsmi Bakı indidən sülhməramlıların Qarabağda qalma müddətini uzatmaq istəmir”.

Politoloqun sözlərinə görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki təxribatları günbəgün artır:

“Kontingent Azərbaycana gəldiyi gündən bizə yalnız problem yaratmaqla məşğuldur. Misal üçün, sülhməramlılar separatçılara humanitar yardım edir, onlar üçün yaşayış binaları tikir, separatçılara silah-sursatın gəlməsinə şərait yaradır, ərazilərin separatçılar tərəfindən minalanmasına səssiz qalır.

Daha dəhşətlisi isə Ermənistan ilə Qarabağı birləşdirən yoldan mütəmadi olaraq xarici ölkə vətəndaşları qanunsuz olaraq Qarabağa daxil olur. Noyabrın 24-dən 30-dək rusiyalı sülhməramlıların postundan Qarabağ ərazisinə iki qrup halında 27 İran vətəndaşı daxil olub. Bütün bunlar əlbəttə ki, Azərbaycan cəmiyyətində narazılığı artırır”.

E.Şahinoğlunun sözlərinə görə, bu günlərdə Azərbaycan məmurlarının Rusiya sülhməramlıların müvəqqəti məsuliyyət zonasına daxil olmaq istəmələrinə verilən cavab da göstərir ki, kontingent Qarabağı Azərbaycan ərazisi olaraq saymır:

“Düzdür, sülhməramlılarının komandanı Andrey Volkov cəmiyyəti sakitləşdirməyə çalışmaq məqsədi ilə müəyyən vədlər versə də axşam separatçılara tamam ayrı şeylər dedi.

Ümumiyyətlə, bu məsələnin həlli Volkovun səlahiyyəti çərçivəsində deyil. Təxribatların arxasında Rusiya dayanır. Ona görə də məsələ prezident Putinlə müzakirə edilməlidir. Rusiya prezidenti müdafiə nazirinə müvafiq tapşırıqlar versə, bu kimi problemlərlə üzləşməzdik.

Təxribatlar ona görə baş verir ki, sülhməramlı kontingent Kremldən tapşırıq alıb. Hesab edirəm, biz bütün hüquqlarımızı tələb etməliyik. Xocalıya, Xankəndinə daxil olmalıyıq. Rusiya hərbçiləri torpaqlarımıza sərbəst şəkildə gediş-gəlişimizə mane olacaqsa, qarşımızı kəsəcəksə, buna sərt şəkildə etiraz etməliyik”.

Politoloq deyib ki, Rusiya sülhməramlı kontingent vasitəsi ilə təxribatlara davam edəcəksə, Bakı daha ciddi tədbirlər görməlidir”.

Turan Rzayev
Globalinfo.az