Sülh və delimitasiya prosesində durğunluq yaşanır? – Ekspert detalları açıqladı

Erməni mediası iddia edir ki, iyulun 1-də təsdiq edilməli olan Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə birgə komissiyanın əsasnaməsi hələ də tərəflər arasında razılaşdırılmayıb. Mənbə danışıqların “konstruktiv məcraya” daxil olmadığını yazıb.

İddia edilir ki, Ermənistan bütün sərhədin Almatı Bəyannaməsi əsasında delimitasiyasında maraqlıdır, Azərbaycan isə razı deyil. Ermənistan Cermuk, Göyçə istiqamətində delimitasiya və demarkasiyanın aparılmasını istəyir. Azərbaycan isə Qərbi Zəngəzur-Naxçıvan istiqamətində delimitasiyanın tərəfdarıdır. Bu proses daxilində Kərki kəndini tələb edir.

Diqqətçəkən məqam isə ümumiyyətlə son zamanlar sülh prosesində durğunluğun olmasıdır. Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin ofisindən də məsələ ilə bağlı bir müddətdir məlumat verilmir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, Azərbaycan və Ermənistan arasında davam edən delimitasiya və demarkasiya prosesində hal-hazırda durğunluq müşahidə olunur:

“Düşünürəm ki, son dövr ərzində Ermənistanın silahlandırılması, daxildə etiraz aksiyalarının olması və Ermənistana edilən təzyiqlər fonunda bu proses gecikir. Həmçinin Ermənistan iqtidarı konstitusiyanı dəyişmək istəmir.

Ermənistan hökuməti Azərbaycanın irəli sürdüyü şərtlərə də tam olaraq əməl etmir. Düzdür, son aylar ərzində tərəflər arasında bir çox məsələlər müzakirə olunub. Delimitasiya və demarkasiya prosesi bir qədər sürətləndi. Ancaq tam sürəti ilə problemlər həll olunmur. Bu isə yuxarıda dediyim məsələlərə görədir.
Düşünürəm ki, Azərbaycan tərəfi Ermənistanın etdiyi və ya edəcəyi hərəkətləri izləyir. Buna uyğun siyasət formalaşdırır. Ermənistanın verdiyi bəyanatlarda uyğunsuzluğun olması da müşahidə olunur”.

Ekspert deyib ki, Ermənistan böyük dövlətlərə dırnaqarası güvənərək sülh prosesinə mane də olur:

“Azərbaycan hər zaman öz siyasətinə sadiq qalaraq sülh prosesinin sürətlənməsini istəyir. Erməni cəmiyyətində Azərbaycana qarşı olan fobiya isə davam edir. Sülhün əldə olunması üçün maneələrin həll olunması lazımdır. Düşünürəm ki, mexanizm olsa da Ermənistan tərəfi buna əməl etmək istəmir”.

Turan Rzayev
Globalinfo.az