Ukrayna və ABŞ nümayəndə heyətləri arasında müharibənin dayandırılması yolları ilə bağlı danışıqların ikinci günü keçirilir. Şənbə günü Floridada başlayan görüşlərdə Rusiya nümayəndələri iştirak etməyib. Halbuki ilkin plana əsasən, danışıqların Əbu-Dabidə keçirilməsi və Rusiya tərəfinin də qatılması gözlənilirdi. ABŞ nümayəndə heyətinə isə Prezident Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner rəhbərlik edir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-la keçirilən danışıqların növbəti mərhələsi öncəsi müttəfiqləri Rusiyaya qarşı sanksiya təzyiqini artırmağa çağırıb. Zelenski bildirib ki, mümkün razılaşmanın əldə olunması üçün danışıqlar davam etməlidir. O, xüsusilə Rusiyanın “kölgə donanması”na qarşı daha sərt tədbirlərin görülməsini və Moskvanın neft gəlirlərindən məhrum edilməsini istəyib.
“Bu gəlirlər Rusiyaya cəzasızlıq hissi verir və müharibəni davam etdirməyə imkan yaradır. Buna görə təzyiq davam etməli və sanksiyalar işləməlidir”, – deyə o, “X” sosial şəbəkəsində yazıb.
Ukrayna lideri əlavə edib ki, Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi tanker şəbəkəsi Avropa sularında və digər bölgələrdə təhlükəsiz hiss etməməlidir:
“Müharibə büdcəsinə xidmət edən tankerlər dayandırılmalı və bloklanmalıdır”.
Qeyd edək ki, ötən həftə Fransa Hərbi Dəniz Qüvvələri Qərbi Aralıq dənizində Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən neft tankerini ələ keçirib. Fransa Prezidenti Emmanuel Makron bu şəbəkənin Qərb sanksiyalarına baxmayaraq, Rusiyanın neft ixracını davam etdirməsinə kömək etdiyini bildirib.
Xatırladaq ki, ABŞ-ın irəli sürdüyü sülh planına Ukraynada prezident seçkilərinin keçirilməsi və müəyyən ərazi güzəştləri də daxildir. Səlahiyyət müddəti artıq başa çatan Zelenski Vaşinqton tərəfindən seçki keçirməsi üçün təzyiqlə üzləşir.
Ukrayna qanunvericiliyi müharibə dövründə seçkilərin keçirilməsini qadağan edir. Zelenski isə bildirib ki, ABŞ təhlükəsizlik zəmanətləri ilə ikiaylıq atəşkəs təmin edərsə, ölkə seçkilərə hazır ola bilər.
Bununla yanaşı, Ukraynanın keçmiş baş komandanı, hazırda Böyük Britaniyada səfir olan Valeri Zalujnı isə fərqli mövqe sərgiləyib. O bildirib ki, ölkəyə seçki yox, müharibə yolu ilə qazanılan sülh lazımdır:
“Ukraynaya seçkilərə hazırlaşmaq üçün vaxt deyil, övladlarımızın gələcəyini təmin edəcək qələbə lazımdır”.
Aysel Əliyeva
Globalinfo.az