Tramp seçkidə qalib gəlsə, ilk işi bu olacaq

ABŞ-ın sabiq prezidenti Donald Tramp seçkidə qalib gələcəyi təqdirdə ilk hansı işi görəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, sabiq prezident qələbə qazanarsa, 2021-ci il yanvarın 6-da ABŞ Konqresinə edilən hücumlarla bağlı haqsız yerə həbs edilən insanları azad edəcəyini bildirib.

Böyük Britaniyanın aparıcı qəzetlərindən olan “The Guardian” Trampın ilk dəfə amnistiya ilə bağlı bu qədər açıq danışdığına diqqət çəkib.

Qeyd edək ki, Konqresə basqına görə 500-ə yaxın şəxs həbs cəzasına məhkum edilib. Bundan əlavə, 950 nəfərin barəsində hökm çıxarılıb, 1358 nəfər barəsində istintaq davam edir.

ABŞ prezidenti Co Baydenin seçki kampaniyasının sözçüsü Sarafina Çitika Trampın açıqlamalarına reaksiya verib. O, Konqresə basqının ictimaiyyətdə böyük travma yaratdığına diqqətə çatdırıb.

“Amerika xalqı yanvarın 6-da Konqres binasına edilən vəhşi hücumu unutmayıb. Tramp Oval otağın yanına buraxılmayacaq qədər təhlükəlidir. Amerika xalqı noyabrda demokratiynı qorumaq və Trampı Ağ Evdən kənarda saxlamaq üçün seçkiyə gedəcək”, – Çitika vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az