“Sirab” haqqında yayılan məlumatları təkzib etdi: “Təəssüflənirik”

Bu günlərdə bəzi xəbər saytlarında Babək “SİRAB” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı həqiqətə uyğun olmayan, reallıqdan uzaq məlumatlar yayılıb. Həmin məlumatlarda qeyd olunur ki, Naxçıvanın Babək rayonunun Sirab kəndinin əhalisi içməli su problemi yaşayır və bunun da səbəbi kənddəki eyni adlı yataqdan çıxan suyun qarşısının “Sirab” zavodu tərəfindən kəsilməsidir. Həmçinin, xəbərdə “SİRAB” sularının “Gəmiqaya Mineral Sular” MMC-yə aid olduğu, satışının da adıçəkilən şirkət tərəfindən həyata keçirildiyi barədə əsassız fikirlər yer alıb.

Bundan başqa “kənd sakinləri”, guya “Sirab” ASC-nin SİRAB yatağından çıxan suyu tam olaraq istehsal sahəsinə yönləndirməsi səbəbindən, kəndin kəhriz və su quyularının quruduğunu və kənddə ekoloji tarazlığın pozulduğunu iddia ediblər.

Babək “Sirab” ASC olaraq bu cür əsassız və reallıqdan uzaq ittihamların mediada yer almasından təəssüfləndiyimizi bildirir və bəyan edirik ki, sözügedən məqalədə səsləndirilən fikirlər tamamilə qərəzlidir və heç bir gerçəkliyi özündə əks etdirmir.

Belə ki, “Sirab” bulaq suyu deyil, ASC-yə məxsus qanuni ərazidə qazılmış quyudan çıxan minerallı, müalicəvi süfrə suyudur. Hansı ki, ASC-yə məxsus olan ərazidə zamanında kəşfiyyat aparılıb və istehsal məqsədilə quyu qazılıb.

Sirab kəndində kəhriz və quyularda suyun azalmasına və ya qurumasına gəlincə, bildirmək istəyirik ki, son illərdə Muxtar Respublika ərazisində ardıcıl quraqlığın keçməsi digər kəndlərdə olduğu kimi, Sirab kəndində də su ilə bağlı çətinliklər meydana gətirib.

“Sirab”ın “Gəmiqaya Mineral Sular” MMC-yə məxsus olması və satışının da həmin şirkət tərəfindən həyata keçirildiyi iddiaları da yuxarıda qeyd olunan fikirlər kimi absurddur. Babək “Sirab” ASC səhmdarların təsis etdiyi Açıq Səhmdar Cəmiyyətdir və istehsal etdiyi “Sirab” sularının satışı da Səhmdar Cəmiyyətin özünün satış kollektivi tərəfindən həyata keçirilir.

Bir daha hörmətli media mənsublarını bu cür əsassız və reallığa söykənməyən məlumatlara diqqətli yanaşmağa, ölkənin öndə gedən markalarından biri haqda bu cür ağır, iftira xarakterli xəbərlərin yayılmasına rəvac verməməyə çağırırıq.

Babək “Sirab” ASC-nin İctimaiyyətlə Əlaqələr Departamenti
Globalinfo.az