tehran ela 900x675 1

İsrail ordusu Livandakı “Hizbullah” hərəkatının hərbi hədəflərinə qarşı yeni irimiqyaslı zərbə dalğasının başladığını elan edib.

“İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın Livandakı terror qruplaşmasının hədəflərinə irimiqyaslı zərbələr endirib”, – məlumatda qeyd edilir.

“Hizbullah” bunun cavabında bir neçə yaşayış məskənini, obyektləri hədəfə alıb.

Gərginliyin geniş əraziyə yayılması gözləniləndir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, İsrail silahlı qüvvələri bir neçə gündür, Livandakı “Hizbullah” terror qruplaşmasının hədəflərinə doğru irimiqyaslı əməliyyata başlayıb:

“Bu əməliyyatın adı “Şimal oxları”dır. İsrailin verdiyi məlumata əsasən, bu əməliyyatın əsas məqsədi bir zamanlar İsraildən köçürülmüş yəhudilərin öz vətənlərinə qayıtması üçün şərait yaratmaqdır. HƏMAS-ın oktyabrdakı hücumundan sonra “Hizbullah” vaxtaşırı şimali İsraildəki hədəflərə zərbələr yetirirdi. Bu səbəbdən İsrail həmin ərazilərdə yaşayan yəhudiləri təxliyyə etmişdi. İndi onları geri qaytarmağa çalışır. Şimali İsraildə təhlükəsiz zona yaratmaq istəyindədir. Bunun əsası da “Hizbullah”ın zərərsizləşdirilməsindən keçir. Kifayət qədər çətin missiyadır. 2006-cı ildə İsrail Livana daxil olsa da “Hizbullah”ı məhv etmək üçün müəyyən zərbələr endirsə də tamamilə məhv edə bilməmişdi”.

Politoloqun sözlərinə görə, “Hizbullah” hər gün böyük itkilər versə də mübarizəsini davam etdirir:

Sultan

Sultan Zahidov

“Hizbullah” ideoloji zəmində yaranmış qruplaşmadır. Onun başçısı Həsən Nəsrullah İsraili kafir, ləğv olunmalı dövlət kimi qələmə verir. İnsanlar da buna inanırlar. Digər tərəfdən “Hizbullah” İran tərəfindən ciddi formada dəstəklənir. İranın proksi qüvvəsi adlanır. Ona görə də İsrailin işi asan olmayacaq və ilk növbədə raketlər və təyyarələrlə “Hizbullah”ın strateji əhəmiyyətli hədəflərini nişana alır. Növbəti mərhələdə isə İsrailin quru əməliyyat həyata keçirməsi gözləniləndir”.

Sultan Zahidov qeyd edir ki, İsrail sivil infrastrukturu hədəf alan Dahiya doktrinasını tətbiq edə bilər:

“İsrail ordusunda “Dahiya doktrinası” adlanan strategiya var. 2006-cı ildə İsrail-Livan müharibəsində tətbiq olunub. Öz adını Beyrutda “Hizbullah”ın yerləşdiyi Dahiya məhəlləsindən alır.

Livanda mülkilər arasında da ölənlərin sayı xeyli çoxdur. Dünən verilən məlumata görə, 496 nəfər şəxs həlak olub. Bu da sözsüz ki, beynəlxalq ictimaiyyət tərəfindən İsrailin qınaq obyekti olmasına gətirib çıxaracaq amillərdəndir. Müharibənin eskalasiya ehtimalı var. Bunlar hələ İsrailin ilk həmlələridir. Eskalasiya baş verərsə, Yaxın və Orta Şərqdə gərginlik daha da artacaq. İranın proseslərə birbaşa qoşulması ehtimalı da var. Bu da region ölkələrini və ABŞ-ı narahat edir. ABŞ Prezidenti Co Bayden son açıqlamasında Qəzza və Livanda hərbi əməliyyatların dayandırılmalı olduğunu bildirmişdi”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: