Şeyx Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşdü

İyulun 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin sədri və Müqəddəs Taxt-Tacın dövlət katibi ilə təkbətək görüş keçirilib.

Daha sonra geniş tərkibli görüş keçirilib, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə çıxış edən Şeyxülislam Allahşükür Paşazadə diqqətə çatdırıb ki, Müqəddəs Taxt-Tacla Azərbaycan Respublikası arasında, habelə Roma Katolik Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud münasibətlər yüksək səviyyədədir. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin dəvəti ilə 2002-ci ildə Roma Katolik kilsəsinin başçısı Papa II İohan Pavel Azərbaycanı ziyarət edib, ölkəmizdə azsaylı katolik icması üçün kilsə inşa edilib. QMİ sədri diqqətə çatdırıb ki, Müqəddəs Taxt-Tacla Azərbaycan Respublikası arasında əlaqələrin möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin Vatikana dövlət səfərləri xüsusi rol oynayıb. Dövlət başçımızın və birinci xanım Mehriban Əliyevanın Vatikanda və Azərbaycanda Müqəddəs Taxt-Tacın rəsmiləri ilə görüşləri, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun xəttilə Vatikanda həyata keçirilən layihələr misilsiz tarixi əhəmiyyətə malikdir.

Şeyxülislam Allahşükür Paşazadə etnik və dini müxtəliflik multikultural Azərbaycan dövlətinin milli sərvəti olduğunu deyib.

Bildirilib ki, Azərbaycan bu monolitliyi, dini-mənəvi harmoniyanı, xalq-dövlət birliyini Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əyani şəkildə nümayiş etdirdi: “Bu gün məscid və məbədlərimizi yerlə-yeksan edən erməni vandalizminin izlərini bütün dünya görür, basdırdıqları minalar bu gün də yüzlərlə mülki şəxsin həyatına son qoymaqda davam edir. Dövlətimiz işğaldan azad etdiyimiz ərazilərdə vandalizm qurbanı olmuş dini-mənəvi irsimizi heç bir ayrıseçkilik qoymadan bərpa edir, yenidən qurur. Lakin təəssüflər olsun ki, əsrlər boyu bütün dini icmaların sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycana qarşı ermənilərin körüklədiyi əsassız, ədalətsiz və qərəzli ittihamlar səngimir. Təəssüf doğuran haldır ki, erməni revanşistləri müxtəlif beynəlxalq təşkilatların tribunalarından ölkəmiz əleyhinə iftira kampaniyaları aparır, hətta dini platformadan – Ümumdünya Kilsələr Şurasından öz məkrli siyasi məqsədləri üçün sui-istifadə edirlər. Erməni Apostol Kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı, beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Uzun illər ərzində erməni siyasi liderlərin cinayətkar əməllərinə mənəvi haqq qazandıran erməni kilsəsinin rəhbərliyinin təhriki ilə Ümumdünya Kilsələr Şurası Azərbaycan əleyhinə qərarlar verir. Biz dünyanın aparıcı, nüfuzlu dini mərkəzi olan Vatikanın bu məsələyə münasibətdə ədalətli mövqe, qətiyyətli yanaşma sərgiləyəcəyinə ümidvarıq”.

Sonra Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin çıxış edib. Diqqətə çatdırılıb ki, Azərbaycan və Müqəddəs Taxt-Tac arasında çox gözəl əlaqələr mövcuddur. Humanitar məsələlərdə hər iki ölkə eyni məqsədə malikdir: ” Ötən il hər iki ölkənin arasındakı əlaqələrin 30-cu illiyini qeyd etmişdik. Azərbaycan multikultural ölkə kimi parlayır. Mən ən gözəl arzularımı Azərbaycana çatdırır, bu ölkəyə daim sülh arzu edirəm”.