İranda 7 il sonra ilk yaşandı: Səudiyyə qərar verdi – Gözlər Bakıda

Səudiyyə Ərəbistanı İrandakı səfirliyinin fəaliyyətini bərpa etdikdən sonra rəsmi Tehran Azərbaycanın da anoloji addımı atmasını istəyir. İran bu məqsədlə Bakıya göndərdiyi nümayəndələrin sayını artırıb.

Misal üçün, avqustun 8-də İranın Baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahani böyük heyətlə Azərbaycana səfər etdi. Bakıdakı görüşdə bu ilin yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar müzakirə aparılıb.

Maraqlıdır, Azərbaycan İranın bu yaxınlaşmasına necə cavab verəcək? Səudiyyə Ərəbistanı kimi Azərbaycan da İranda səfirliyini bərpa edəcək?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Əlimusa İbrahimov deyib ki, Səudiyyə Ərəbistanı ilə Azərbaycanın İrana baxış bucağı eyni deyil:

“Buna görə də rəsmi Ər-Riyadın atdığı addımı Bakıdan gözləmək doğru olmazdı. Hər iki ölkənin İranla problemləri fərqli motivlidir. Məsələ ondadır ki, Səudiyyə Ərəbistanı səfirliyi 7 ildən sonra yenidən fəaliyyətə başladı. 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfər “terrorçuluq”da ittiham olunaraq edam olunmuşdu. Edamlara reaksiya verən İran rəsmilərinin açıqlamalarından sonra İranda nümayişçilər tərəfindən Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binası yandırıldı. Bu hücumlardan sonra Səudiyyə Ərəbistanı hökuməti yanvarın 3-də İranla diplomatik əlaqələri kəsdiyini elan etdi.

Səfirliklərin qarşılıqlı şəkildə açılması o demək deyil ki, İran ilə Səudiyyə Ərəbistanı arasında münasibətlər normallaşıb. Hazırkı vəziyyət birbaşa Çin ilə bağlıdır. Belə ki, Ər-Riyad və Tehran nümayəndələri 7 illik fasilədən sonra 2023-cü il martın 10-da Pekində Çin rəsmiləri vasitəsilə iki ay ərzində diplomatik əlaqələrin bərpası ilə bağlı danışıblar. Sonra İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və səudiyyəli həmkarı Feysəl ibn Fərhan aprelin 6-da Pekində görüşüblər və iki ölkənin səfirliklərinin açılması, uçuşların bərpası və vizaların sadələşdirilməsi barədə razılığa gəliblər.

İran mayın 23-də xarici işlər nazirinin müavini Əli Rza Ənayətinin Səudiyyə Ərəbistanı səfiri təyin edildiyini bildirib”.

Politoloq Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası haqda danışıb:

“Azərbaycanla İran arasında gərginlik tamamilə fərqlidir. Belə ki, İran tərəfi hər nə qədər rəsmi Bakıdan səfirliyin bərpasını xahiş etsə də Azərbaycan tərəfinin konkret tələbləri var. Bunlardan ən önəmlisi Tehranda səfirliyimizə edilən hücumun ciddi araşdırılması, hücumu təşkil edən və ya edənlərin müəyyən edilməsi, bütün bu proses ilə bağlı dəqiq məlumatların bizə verilməsidir.

Əlimusa İbrahimov

İran tərəfi hələlik bütün bunları etməyib. Çünki aydın məsələdir ki, hadisənin pərdəarxasında məhz İran hakimiyyəti dayanır. Rəsmi Tehran hadisəni hər dəfə ailə-məişət konteksində izah edərək məsələni ört-basdır etmək istəyir. Bu isə Bakının arzuladığı nəticə deyil. Buna görə mən İranda səfirliyimizin bu tezlikdə açılacağını düşünmürəm. İran tərəfi səfirliyimizin açılmasını istəyirsə bizim tələbləri yerinə yetirməlidir”.

Turan Rzayev
Globalinfo.az