“Şərqi Avropanın Rusiya tərəfindən işğalı gerçəkləşə bilər” – Politoloq

Avropa İttifaqı xarici işlər nazirləri Brüsseldə keçirilən iclasda Kiyevə silah tədarükü ilə bağlı qərar qəbul etməyiblər. Belə ki, müzakirələrin nazirlərin 19 fevral görüşündə davam etdiriləcəyi bildirilib. Amma Aİ-nin belə bir qərar qəbul etməsi birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Avropa Birliyində vəziyyət bir qədər fərqlidir:

“Çünki orada konkret məsələlərə etiraz edən ölkələr var. Bu ölkələrin başında isə Macarıstan dayanır. Seçkilərdən sonra artıq Slovakiya da Macarıstana qoşulub. Ümumiyyətlə, bir çox Qərb ölkələri Ukraynaya silah dəstəyinin göstərilməsində həvəsli deyillər. Təbii ki, 50 milyardlıq yardım paketi təsdiq olunub. Bu, çox böyük məbləğdir. Amma Ukraynaya indi silah lazımdır. İki ilə yaxındır ki, Rusiya və Ukrayna arasında müharibə gedir. Amma Qərb Ukraynaya lazım olan silahı vaxtında tədarük etmir. Məsələn, Kiyev fevralda silah istəyəndə, Qərb avqust ayında bu tədarükü həyata keçirir. Ona görə də, Ukrayna vaxt baxımından uduzur. Üstəlik, 50 milyardlıq yardım paketini 4 il müddətinə verməyi planlaşdırırlar. Bu maliyyənin də vaxtında verilib-verilməyəcəyi sual altındadır. Ona görə də, silah tədarükünün vaxtının uzadılması Ukraynanın cəbhədə geriləməsinə səbəb olur”.

Məhəmməd Əsədullazadə

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Qərb koalisiyası və ABŞ tərəfindən Ukraynaya yardımın verilməsi məsələsində problemlər var:

“Hələ ki, Macarıstanın veto qərarına baxmayaraq, Avropa İttifaqı Kiyevə 50 milyard dollarlıq yardım paketini təsdiqləyib. Düşünürəm ki, Qərb koalisiyası Ukraynaya silah yardımı məsələsində də ortaq məxrəcə gələcək. Almaniya bu prosesdə daha aktiv mövqe sərgiləyir. Kansler Olaf Şoltz Ukraynaya yardımın edilməsində çox maraqlıdır. Əsas olan Ukraynaya maliyyə yardımının ayrılması idi və bu, baş verdi. İndi növbə ABŞ-ındır. Əgər Aİ Ukraynaya maliyyə yardımlarını gecikdirsə, bu, Rusiyanın Qərb üzərində hegemonluğuna gətirib çıxaracaq. Hətta Şərqi Avropanın Rusiya tərəfindən işğalı da gerçəkləşə bilər. Hərçənd Qərb bunun geopolitik mübarizə olduğunu anlayır və ona görə də, Ukraynaya silah yardımının reallaşacağı gözləniləndir.

Əliyar Xəlil
Globalinfo.az